Türkiyənin ilk Leylisi olmağımın qürurunu yaşayıram”

 

 

Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyənin və Azərbaycanın Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Ankara Dövlət OperaBalet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası keçirildi. Müsəlman Şərqinin ilk operası bir əsrdən artıq tarixi ərzində ilk dəfə Azərbaycandan kənarda səhnələşdirildi. Bu tamaşa sayəsində qardaş Türkiyənin opera sənətçiləri də ilk dəfə səhnədə muğam oxudular. Tamaşada Leyli rolunu oynayan Ankara Dövlət OperaBalet Teatrının aktrisası, vokalçı Selva Erdenerlə söhbətimiz də bu barədədir.

 

- Selva xanım, ilklər hər zaman maraqlı və yaddaqalan olur. Siz də sənət fəaliyyətinizdə bir ilkə imza ataraq “Türkiyənin ilk Leylisi” adını qazandınız. Bəlkə öncə Azərbaycan oxucusuna özünüz haqqında məlumat verəsiniz...

- Mən Ankarada doğulmuşam. Ankara Dövlət Konservatoriyasının məzunuyam. Konservatoriyanı bitirdikdən sonra Ankara OperaBalet Teatrına solist kimi qəbul edildim. O gündən bu teatrda çalışıram. Opera tamaşalarında çıxış etməklə yanaşı, xalq mahnılarımızı, şərqilərimizi, bəstəkar mahnılarını oxuyuram. Həmişə düşünmüşəm ki, Şərq musiqi sənəti çox qiymətlidir. Əgər bu gün öz sənətçilərimiz ona dəyər verməzsə, o zaman başqalarından bunu gözləməyə dəyməz. Bu mənada opera müğənnisi olaraq mənim də üzərimə bir missiya düşür. Yəni öz mahnılarımızın, türkülərimizin, gözəl səslərimizin qiymətini bilməli və dünyaya tanıtmalıyıq düşüncəsi ilə uzun zamandır ki, bu yolda səy göstərirəm. “Leyli və Məcnun” operasında çıxış etmək də mənim üçün yaradıcılıq baxımdan çox mühüm hadisə oldu. Bu, Şərq musiqi zənginliyini dadmaq istədiyim bir əsərdir.

 

- Bildiyimiz kimi, muğam bir sıra Şərq ölkələrində ənənələri olan sənətdir, Türkiyədə isə muğam yoxdur. Belə olan halda muğam oxumaq, üstəlik “Leyli və Məcnun”da oynamaq sənət cəsarəti tələb edir. Bunun öhdəsindən necə gəldiniz və Azərbaycan muğamı sizin üçün nəyi ehtiva edir?

- Səmimi şəkildə deyim ki, bu əsərlə bərabər, yəni Leyli rolunu məşq edə-edə yeni-yeni məqamlar, yeniliklər əldə etmənin zövqünü yaşadım. Amma bunu da etiraf etməliyəm ki, çox çətin idi. Çünki muğam oxumaq bir Qərb soprano səsi üçün çətin bir işdir. “Leyli və Məcnun” operasında məşqə başladığım andan bu çətinliyi anladım. Hətta tamaşada çıxış edən azərbaycanlı dostlarım bunu bacara biləcəyimə şübhə ilə yanaşırdılar. Xüsusən ilk on gün çox narahatlıq keçirdim. “Deyəsən, doğrudan da, bunu bacarmayacağam” deyə düşünürdüm. Ona görə mənə çox çətin gəldi, açığı. Amma özümlə bağlı bunu deyim ki, əgər bir şeyə inanırsam, onu sona qədər yerinə yetirmək istəyirəm. Bu işə də bu inancla başladım. İlk günlərin çətinliyi keçdikdən sonra qərarımı verdim: “Bunu edə bilərəm”. Təbii ki, mənə yardım etdilər. Bizim operamızda çalışan çox qiymətli bir dostumuz var - Məlahət İsmayılova. O hər kəsə çox yardım etdi. Notları çıxardı. İfamın hər yerində: “Bunu belə etməlisən, bunu elə etməlisən”, deyə incəlikləri göstərdi. Sonra Mənsum İbrahimov gəldi. O çox böyük bir müəllim oldu bizim üçün. Mənsum bəylə bir neçə çalışma imkanımız oldu. Ondan sonra işlər mənim üçün asanlaşdı. Səhnə məşqlərinə qədər hər gün daha çox sevərək, hər gün o musiqini içimdə hiss edərək çalışdım. Məni ən çox duyğulandıran, eyni zamanda da, yüksəldən bir oldu. “Leyli və Məcnun” operası mənim qəlbimin başqa tərəflərinə toxundu. Bəlkə heç olmayan bir şeyləri yenidən alovlandırdı. Ona görə də düşünürəm ki, bu opera məşqlərdən tamaşaya qədər mənim üçün qiymətli bir çalışma prosesi oldu.

 

- Siz Azərbaycan muğamına cığır açan, yol açan bir türkiyəli sənətçi oldunuz. Bu hisslərinizi necə ifadə edə bilərsiniz?

- Bunlar o qədər fərqli hisslərdir ki... Hətta bunu da söyləyim ki, Mənsum İbrahimov Ankaraya tamaşaya bir həftə qalmış gəldi. Mən təxminən ayyarım tək Leyli olaraq məşqlər etdim. Bir rolu oynayarkən əgər qarşınızda bir partnyorunuz yoxdursa, o zaman əməlli-başlı çətinlik çəkirsiniz. Birbu çətinliyim var idi: Məcnunsuz Leyli idim. Hər kəs mənə: “Haradadır Məcnunun?” deyə zarafat da edərdi. Nəhayət, Məcnun gəlib çıxdı. Mənsum bəylə - ruhu çox xoş bir partnyorla bərabər bir duet yaratdıq. Buna görə də çox məmnunam. Bu əsərdə mühüm məqam onun türk dilində (Azərbaycan türkcəsində) yazılmasıdır. Əsəri tam dərk etdikdən, oynadıqdan sonra anladım ki, Türkiyə operası - Ankara Dövlət OperaBalet Teatrı bu tamaşanı qoymağa çox gecikib. Çünki əsər 108 il əvvəl, yəni 1908-ci ildə yazılıb. Üzərindən isə çox zaman keçib. Biz öz səhnəmizdə o qədər Qərb operası qoymuşuq. Amma əgər belə bir örnək varsa, xüsusi nümunələr varsa, mütləq bunları da səhnəyə gətirməliyik. Mən bilirəm ki, Türkiyə xalqı bu əsəri sevər, qəbul edər, ona baxmağa gələr. Çünki dil olaraq, musiqi olaraq, instrumental ifa olaraq doğmadır. Bu arada, tarkamança ifaçıları ElçinElnurun da adlarını çəkməliyəm. Onlar mükəmməl bir ifa nümayiş etdirdilər. Fəxrəddin Kərimova gəlincə, o çox peşəkar orkestr dirijorudurbiz çox gözəl çalışdıq. Təbii ki, rejissor Əflatun Nemətzadəni xüsusi qeyd etməliyik. Onunla daha uzun zaman çalışdıq.

 

- “Uzun zaman çalışdıq” deyirsiniz. Amma, məncə, “Leyli və Məcnun” Ankara OperaBalet Teatrında kifayət qədər qısa müddətdə hazırlandı və mükəmməl bir səhnə əsəri qoydunuz ortaya.

- Elədir. Amma bunun üçün çox çalışdıq. Bunu da söyləməliyəm: Leyli xarakterini oynayarkən “dünyəvi bir Leyli necə olmalıdır” deyə düşündüm. Əlbəttə, Azərbaycanda çox fərqli qırtlaq, özəl, muğamı duyan səslər - zəngulələr var. Təbii ki, bu ifalar orijinaldır. Mən də o qədər olmasa da, “dünyaya açılan Leyli necə ola bilər” deyə düşünüb etdim bu ifanı.

 

- Bizim sənətçilərdən söz düşmüşkən, məşq müddətində yəqin ki, Azərbaycan səhnəsində Leylini oynamış sənətçilərin ifasını izlədiniz. Onlardan nə öyrənə bildiniz?

- Əlbəttə, izlədim. İnternet vasitəsilə demək olar ki, bütün Azərbaycan Leylilərini dinlədim, səhnə hərəkətlərinə diqqət yetirdim. Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova və digər sənətkarların Leyli obrazlarını dinləyib bir harmoniya əldə etməyə çalışdım. Amma sonda dinləməyi kənara buraxıb öz Leylimi ortaya qoydum. Özünüzşahid oldunuz ki, opera Türkiyə tamaşaçısının böyük marağına səbəb oldutamaşada böyük anşlaq yaşandı. Biz buna çox sevindikbu gün Türkiyənin ilk Leylisi olmağımın qürurunu yaşayıram.

 

Mehparə Sultanova

Ankara

Mədəniyyət.- 2016.- 15 iyun.- S.10