“Həyatımla
yaradıcılığım bir-birini
tamamlayır”
Aktyor sənətinin yazılmayan qanunları var, deyirlər. Onlardan biri də ifaçının hər hansı bir obrazının adı ilə tanınmasıdır. Böyük istedad sahibi olan aktyorlar isə təkcə bir obrazla sevilmir, müxtəlif rolların yaradıcısı kimi geniş tamaşaçı sevgisi qazanırlar. Xalq artisti Yasin Qarayev belə sənətkarlardandır. Bu il 70 illik yubileyini qeyd edən aktyor üçün ikiqat bayram oldu. O, may ayında Prezident təqaüdünə layiq görüldü.
Aktyorla söhbətimizdə ömür yoluna və yaradıcılığına nəzər saldıq. Sözlərindən bəlli olur ki, may ayı onun üçün həmişə düşərlidir. May ayında dünyaya gəlib, bütün fəxri adlara, təqaüdlərə də bu ayda layiq görülüb. Xalq artisti Prezidentin fərdi təqaüdünə layiq görüldüyünə görə dövlət başçısına təşəkkürünü bildirir.
Yasin Mikayıl oğlu Qarayev 1946-cı il
mayın 22-də anadan
olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
yaradıcılıq fəaliyyətinə
başlayıb. Teatrın
səhnəsində Cəlal
(S.Vurğun, "Komsomol
poeması"), Qulu (S.S.Axundov, "Tamahkar"),
Əsəd (C.Məmmədquluzadə,
"Danabaş kəndinin
məktəbi"), Şah
(F.Məmmədov "Sirli
dəyirman"), Aşıq,
Mahmud (N.Vəzirov "Hacı
Qəmbər"), Mir Cəfər
Bağırov (Ə.Əmirli
"Cəza"), Qafar
(S.Rüstəm "Çimnaz
xanım yuxudadır")
və s. yaddaqalan obrazlar yaradıb.
Həmahənglik
Sənətkar keçmişi yada
salır, ən çox gənclik dövrünü xatırlayır,
incəsənətdə gənclik
ən fəal dövrdür, deyir: “Həyatımla yaradıcılığım
bir-birini tamamlayır.
Ömrümü sənətdə keçirmişəm. Həyatımın maraqlı, unudulmaz anları bu sənətlə bağlıdır.
Teatrda əziyyətli
anlar, xoşbəxt, sevincli anlar da az olmayıb. Arxaya boylananda o dövrün
sənət adamlarını
xatırlayıram. Bugünlə müqayisədə o insanların,
həqiqətən, sənətə
əziyyətlə gəldiklərini,
səhnədə fədai
olduqlarını düşünürəm”.
Yasin müəllim son illər teatrlarda yaradılan şəraitin, bu sahəyə dövlət
qayğısının sənətə
müsbət təsirindən
danışır: “Bu gün
Gənc Tamaşaçılar
Teatrının səhnəsində
248 projektor işləyir.
Vaxtilə 6 projektorla tamaşalar
göstərirdik. Bu texniki inkişaf həm aktyor oyununa, həm də rejissor yozumuna həddən artıq kömək edir”.
Ömrünün 42 ilini Gənc Tamaşaçılar Teatrında
çalışan aktyor
kollektivin son illər tez-tez beynəlxalq festivallara qatıldığını,
əcnəbi rejissorların
tamaşa hazırladıqlarını,
beynəlxalq layihələrdə
iştirak etdiyini bildirir: “Bütün bunlar bizi sevindirir.
Amma sırf sənət nöqteyi-nəzərindən onu
da qeyd etməliyəm
ki, səhnəmizdə
korifey sənətkarların
yeri görünür.
Onların yoxluğu səhnədə
boşluq yaradıb”.
“Hər dəfə səhnəyə çıxanda
pərdənin arxasında
dua edirəm”
Sənət insana nə verir sualımızı cavablandıran aktyor deyir: “Tamaşaçı
sevgisi, tanınmaq və s. Əgər bu gün sənətim
dövlət tərəfindən
də qiymətləndirilirsə,
bu, elə sizin sualınıza cavabdır. Bundan əlavə, mənəvi
dünyamız zənginləşir.
Aktyorlar uşaq təbiətli, kövrək olurlar. Biz müşahidəni çox sevirik. Ona görə də sənətin verdiyi xüsusiyyətlərdən biri
də başqasının
görə bilmədiyini
görməyimizdir. Bu,
çox çətindir.
Sənət bizə həm
də anlamaq dərdi verir və biz hər xırdalığı ürəyimizə
salırıq. Aktyorlar qeyri-adi
insanlardır. O, səhnədə
yaşayır, öz rolunun, obrazının xarakterini axtarıb tapır”.
Yasin müəllim tərəf-müqabillərini
belə xarakterizə edir: “Mənim elə tərəf-müqabillərim
olub ki, ilk baxışdan bir-birimizi başa düşmüşük.
Bu gün Ağaxan
Salmanlı, Tariyel Qasımovla səhnədə
rahat oynayıram.
Rəhmətlik Azər Mirzəyev
və Gülşən
Qurbanova ilə çıxışlarımız isə hamıya bəllidir. Onu da deyim ki, bu illər
ərzində hər dəfə səhnəyə
çıxanda pərdənin
arxasında dua edirəm və bu dualar hər
zaman mənə kömək olur. Bu da bir həqiqətdir
ki, obraz hər zaman uğurlu ola
bilməz. Aktyorluq Allah vergisi olsa
da, zəhmətkeş
olmalısan. İnsan zəhmətin
nəticəsində kamilləşir,
püxtələşir. Bu gün gənc nəsildə bir parıltı hiss olunur. İnanıram ki, onlar gələcəkdə parlayacaqlar”.
“Özüm kinodan yan keçdim...”
“İncəsənət gözəldir, kino isə bu sahənin
ən gözəlidir. Bu gözəli o qədər
sevmişəm ki, amma o mənə qarşı çox insafsız olub. Bəlkə də vaxtilə teletamaşalara çox çəkildiyimdən kinodan
ayrı düşdüm”,
- həmsöhbətim deyir.
Yasin müəllim “Gəzdim Azərbaycanı” televiziya
layihəsi ilə bütün ölkədə
tanınıb: “Bəlkə
də elə özüm kinodan yan keçdim. Amma buna baxmayaraq, adda-budda olsa da, o mənə nəzər yetirdi. İki il
bundan əvvəl rəhmətlik Fikrət Əliyevin “Axırıncı
dayanacaq” filminə çəkildim. Film çox təsirli idi. Ekran əsərində yaşlı nəsil aktyorlarımız çəkilirdi.
Bu filmdən unudulmaz
xatirələr qaldı”.
Sənətkar yubileyi ilə əlaqədar Gənc Tamaşaçılar Teatrı
tərəfindən tədbir
keçiriləcəyini dedi.
Yasin müəllim söhbətimizin sonunda zəruri bir çağırış da
etdi: “Mən tamaşaçıları çox
sevirəm. Onları teatra dəvət
edirəm. Aktyoru yaşadan
tamaşaçı sevgisidir.
Onlar gəlib bizi, biz aktyorlar da onları
sevindirək”.
Biz də Yasin müəllimi 70 illik yubileyi münasibətilə
təbrik edir, cansağlığı və
yaradıcılıq uğurları
arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.11.