Başdan-başa təbiət
təbli...
xalq duyğulu,
elat qəlbli, “Arif” təxəllüsü
ilə bahəm “qağa” ləqəbli Hüseyn Arif
Bu şairin yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduz” mövzularının dərinliyinə “qaib”, sərinliyinə “hayıf” bir “kölgə” salmış...
Ana təbiətlə bu şairin təbiəti arasındakı fərqlər bu ki; biri yaradılandı, biri yazılan, birində dörd fəsil var, birində - “qəza-qurban övlad” ladlı notların istisnası ilə - yalnız yaz-bahar...
Öncə, bu büsbütün təbiət təblimizin dünyagəlişi, cəmiyyət, sər-səlahiyyət “yaradıcılığı” haqda.
1924-cü il iyunun 15-də Ağstafada doğulub. Bakı Pedaqoji Məktəbini, ADU-nun Şərqşünaslıq fakültəsini, Qorki adına Ədəbiyyat İnstitutunun (Moskva) aspiranturasını bitirib. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978) və Xalq şairidir (1989). 1992-ci il sentyabrın 14-də vəfat edib.
Bu tər-təbiət şairi rəsmi-rəyasət işlərini qətiyyən xoşlamayıb və böyük qızı Səhər demişkən, onun ömrü uzunu yaratdığı əmək-iş “potret”i belə olub: 1957-59-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, 1965-67-də “Azərnəşr”də böyük redaktor, 1967-68-də “Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-82-də Mədəniyyət Nazirliyinin Mədəni-maarif idarəsində redaksiya kollegiyasının üzvü, ömrünün sonunadək Aşıqlar Birliyinin sədri. Və... onun bu karyera portreti “dissertasiya”sını müdafiə edən poeziya tablolarının ikisindən iki fraqment:
Çəkilmədim otaqların küncünə,
Düzlər keçən, dağlar aşan şairəm...
Bircə xahişim var, pələngi sirkdən,
Hüseyni iclasdan azad eyləyin...
Ədəbi fəaliyyətə müharibə illərində başlamış şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası Opera və Balet Teatrında (1956), eyniadlı poemasının motivlərilə işlədiyi “Yolda” pyesi Gənc Tamaşaçılar Teatrında (1974) müəllifə uğurlar gətirmiş, 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülmüş, sözlərinə saysız mahnılar bəstələnmiş, əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Hüseyn şeirə çox kiçik yaşlarından vurulub. Bu uşağın xətrini hədsiz dərəcə əzizləyən qonşu qarılardan biri, bir gün ağlaya-ağlaya onlara gəlib həyəcanla bildirir ki, bəs, “ay Qəndab, Camalın evi yıxılıb...” Hüseynin anası qorxa-qorxa “uşaqlara noolub ki” sualına belə cavab eşidir: “İndicə bağın aşağı başında gördüm Söyün danışa-danışa o baş-bu başa gedib-gəler...” Ana: “Ay nənəsi, sənin Söyün balan şeir yazer, e!” deyib şaqqanaq, qarı isə “görem Tanrı vergisini bol versin”-deyə üzünə salavat çəkir. Xəbər kəndə də yayılır, babasına da çatandasa, belə bir sifariş gəlir: “Söyünə deyin bu işə baş qoşmasın, sözün hamısın Dədə Ələsgər deyib qurtarıb...”
Dini və dünyəvi dialektika baxımından, Hüseyn Arifin əsil şair olmasında həmin o qarı alxışının və hər kəsi “inad acığı”na doldurası baba sifarişinin də rolu az olmayıb. Ancaq, deyəsən, bu məsələdə həmin çağlar savad, istedad, dünyagörüş və digər fəhm-fərasət elementlərinə görə birinci sinifdən üçüncü, üçüncüdən yeddinciyə keçirilən bu uşaqda çağlamış bioloji-psixoloji-filoloji qatqarlı “eşq-sevgi-məhəbbət” üçbucağının da dəxli olub. Məncə, bu şair bizə məlum böyüklüyündə yazacağı “Dedim, ay qız, belə olmaz, Dedi, yeri, şeirini yaz!” misralarını elə həmin o “məchul” uşaqlıq dövründə bünövrələyibmiş...
Hisslər, duyğular, hadisələr onu hər ay, hər il və ayrı-ayrı dövrlərin tarix-təqvim vaxtlarından əvvəl böyüdürmüş. On yeddi yaşında başlanan Böyük Vətən müharibəsi, vzvod komandiri kimi Reyxstaqadək döyüş yolu, vətənə - kiçik leytenant rütbəsi, xeyli orden-medal və dünyasını dəyişənədək dizində gəzdirəcəyi qəlpə “qazancı” ilə qayıtma. Və bütün ömrü uzunu Bəhlul Danəndəvi fəhmi, Molla Nəsrəddini hazırcavablığı ilə yaratdığı cəmiyyət diqqət-riqqəti və folklor təbi, poetik qələmilə çəkdiyi -
Təbiət portretləri...
Onun canlı qələm-muzeyindəki portretlərin seyrinə iyirmi kitabından bir neçəsinin adlarına diqqət etməkdən başlayaq: “Məhəbbət nəğmələri”, “Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Torpaq eşqi”, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Ömür gözəlsə”, “Ayrı düşəli”, “Dilqəm”...
Minlərlə gözəl qiyafə-qafiyəli şeirlərindən isə iki-üç misal: “Lilpar olan yerdə dolça nə lazım?”, “Məni belə süzmə, dedi, Ürəyimi üzmə, dedi”, “İsti kabab, isti fətir, Doymaq olmur, yenə gətir”, “Məndən təzə şeir xəbər alan dost, Baharın gəlməsi şeir deyilmi?”...
Deyirlər, Hüseyn Arif, əsasən ilk baxışda vurulduğu obyekt-subyektləri qələmə alırmış. Elə həyat yoldaşını da belə bir “fövrən”liklə seçib; bir gün dayısı oğlugilə gedərkən təsadüfən rastlaşdığı Məleykə xanımı görən kimi vurulub və heç “göz nübarlığı sovumamış” elçi göndərib.
Xatirələrdə “son dərəcə həlim ata”, “vəfalı dost”, “teatral-məzə”, tənqidçilərin təfsirində “yumşaqtəbiətli od-alovlu təbiət şairi” kimi yad edilən, övladlarına, xüsusən, adını özünə təxəllüs etdiyi oğluna - illərlə ailənin “sonbeşik ciyərparəsi”, qəzaya düşməsilə “əbədi yarəsi” olmuş Arifə həsr etdiyi şeirlərində belə milli-xəlqi duyğular ədibi kimi tanınan Hüseyn Arifdə bəşəri humanizm hissləri də güclü idi. Bunun təsdiqi üçün onun neçə-neçə şeirindən nümunələr gətirməkdənsə, böyük qızının xatirələrindən kiçik parçanı təqdim edirəm: “Belə bir həlim atanın beşillik müharibə yolu keçməsi bizə ağlasığmaz görünürdü. Fikirləşirdik ki, qarışqa tapdamaqdan belə ehtiyatlanan bu ürəyiyumşaq adam cəbhədə neyləyirmiş, bu qədər orden-medalı necə alıb? Hərdən soruşsaq da, cavab verməz, susub gülümsəyərdi. Ancaq bir dəfə, söhbət nədən düşdüsə, qayıtdı ki, “...Qələbəyə az qalırdı, gördük bir alman zabiti ağ atın belində bizə tərəf çapır. Çatıb dayandı və çox uca səs, hirs-hikkə dolu bir nida ilə “Hitler kaput!” - dedi. Sonra tapançasını gicgahına dirəyib, çaxmağı çəkdi. Çox yaraşıqlı, gözəl oğlan idi...”
Şairin xanımının xatirələri də maraqlıdır. Şeir-sənətin hərdən bu şairə öz ailəsini belə “unutdurduğunu” “vəsf” edən Məleykə xanımın dediklərindən: “Bu neçə illərdə hərdən qoşalaşıb, guya harasa gedərdik. Amma nə “fayda”? Yolun harasındasa, yenə onun “atüstü yazarlığı” tutar və mən yaddan çıxardım. Görürdüm, Hüseyn yenə elə hey gedir, heç elə bil mən yanında yoxam. Bir də görərdin yerişini tamam yeyinlədib, gözdən itdi. Axır... mən də dayanıb, arxasınca (ya qarasınca) xeyli baxar, baxar, ağlaya-ağlamsına qayıdardım evə. Get-gedə onun bu xasiyyətinə də öyrəşdim...”
“Onun bu xasiyyətinə də” ifadələri böyük bir “silsilə”ni ehtiva edir. Məsələn, qızı orta məktəbi qızıl medalla başa vurur, ana həyəcanla: “Hüseyn, bax, Səhər instituta girməlidi, ha” deyir, ata isə laqeydliklə: “Səhər ordenli bir orta məktəbin (söhbət 190 saylı məktəbdən gedir) “qızıl medal”çısıdır, ali məktəbə də özü qəbul olunacaq” - deyib, “Aşıq Alının məzarı” səfərinə çıxır, həftələr-aylar axtarışıyla tapır və öz vəsaiti hesabına ulu aşığımıza abidə də qoydurur...
“Heç zaman bir kimsənin qarasınca danışmaz, qır-qeybətin nə olduğunu bilməzdi. Arif faciəmizdən sonra, hərdən, öz-özünə danışa-danışa iş otağına girib qapını bağlayar, çıxanda, elə bilərdin, yüz il ağlayıb. Amma özünü elə aparırdı ki, guya heç nə olmayıb. Hə, ailəmizə sevinməyi, gülməyi yadırğadan o faciədən əvvəl də üzləşdiyi problemlərin, haqsızlıqların ağrısını nə anama bildirərdi, nə bizə. O, bütün qayğı-duyğularını yalnız bizim birimiz, bəlkə bundan da artıq hesab etdiyi “poeziya qardaş-bacısı” üstünə yükləyirdi”.
O, bu sayaq hisslərini şeirlərinin birində belə ifadə edib:
Dağ sökülüb, dedilər,
Bel bükülüb, dedilər,
Arif ölüb, dedilər -
Ölümə qurban olum...
Bu heyrətamiz “qurban”lıq vədi yerinə yetirilsə də, sonucluq hissinin bu mərtəbədə ifadəsinə binaən, bu şairin heç zaman ölməyəcəyi zənnindəyəm...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.13.