Bəstələri bu gün də sevilərək dinlənilir
Görkəmli bəstəkar, Xalq artisti, professor Hacı Xanməmmədovun adı çəkiləndə ilk növbədə çoxsaylı könül oxşayan mahnılar yada düşür. “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü” kimi onlarla nəğməni sevməyən tapılarmı? Həm də bu mahnılar tanınmış müğənnilərin ifasında qəlbimizi fəth edib...
Hacı Dadaş oğlu Xanməmmədov 15 iyun 1918-ci ildə qədim Dərbənd şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bakıda orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. Bir təsadüf nəticəsində Üzeyir Hacıbəyli ilə görüşən Hacı dahi bəstəkarın diqqətini çəkir.
Bu vaxt Ü.Hacıbəyli “Koroğlu” operasını bitirmək üzrə idi. Əsər 1937-ci ildə akademik teatrda tamaşaya qoyulur. Bəstəkarın dəvəti ilə Hacı simfonik orkestrdə tar partiyasını ifa edir. 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə “Koroğlu” operasının tamaşasında iştirak edir.
1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisinin əsasları şöbəsi açılır və Üzeyir bəy H.Xanməmmədovu ora dəvət edir. Musiqi folklorunu dərindən mənimsəyən musiqiçi ilk mahnılarından artıq xalq musiqisindən, muğam çalarlarından bacarıqla istifadə edir. Onun ilk sanballı əsəri tar və simfonik orkestr üçün yazdığı “Bir nömrəli konsert”i bəstəkarın yaradıcılıq yolunun əsas istiqamətini müəyyən edir.
H.Xanməmmədov II Dünya müharibəsi illərində vətənpərvərlik ruhlu əsərlər bəstələyir. “Yürüş marşı”, “Qəhrəmani” bu mövzuda yazdığı maraqlı musiqi əsərləridir.
O, sonra təhsilini Azərbaycan
Dövlət Konservatoriyasının Bəstəkarlıq
şöbəsində davam etdirir. Əvvəlcə professor Boris Zeydmanın,
sonra isə Qara Qarayevin sinfində oxuyur. Hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərir. Sonralar bir
neçə qədim
musiqi alətimizi orkestrə gətirir.
Mütəxəssislər xalq çalğı
alətləri üçün
spesifik xüsusiyyətlərə
malik bitkin əsərlərin yazılmasını,
yeni janrların meydana çıxmasını
H.Xanməmmədovun adı
ilə bağlayırlar.
Onun simfoniyettaları, simfoniyaları,
süitaları əlvan
və zərif ritmləri, zəngin melodiyaları ilə diqqət çəkir.
Hiss və duyğular bəstəkarı Aşıq
Ələsgər və
Mikayıl Müşfiq
yaradıcılığına daha çox müraciət edib, rəngarəng mahnıları
və şən melodiyaları repertuardan düşməyib. Qəlbaçan,
könül oxşayan
mahnılarını korifey
sənətkarlarımızdan Rəşid Behbudov, Şövkət Ələkbərova,
Gülağa Məmmədov,
Rübabə Muradova, Nəzakət Məmmədova
və başqaları
böyük şövqlə
ifa ediblər.
Aşıq Ələsgərin sözlərinə
yazılan “Telli”, “Güllü”, “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü” mahnıları, M.Müşfiqin
şeirlərinə bəstələdiyi
“Yaşa, könül”,
“Yadıma düşdü”,
“Oxu, sevgilim”, “Sənin gözlərin”, “Qurban olduğum”, “Neyçün gəlmədin”,
“Arzuya bax, sevgilim” və başqa bəstələri
bu gün də eyni şövqlə
sevilir. O, həmçinin
gənclik illərindən
xalq mahnılarını
toplayaraq nota salıb.
“Bəh-bəh”, “Ay qadası”,
“Gəl, gəl”, “Ay qız, heyranın ollam”, “Yadıma sən düşəndə”
və s. mahnılarını
buna misal göstərmək olar.
Musiqiçi kadrların yetişməsində
mühüm xidmətlər
göstərən bəstəkar
əvvəlcə A.Zeynallı
adına Bakı Musiqi Məktəbində çalışıb.
1957-ci ildən isə
ömrünü Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında milli musiqimizin çiçəklənməsinə
sərf edib. Görkəmli sənətkar yaradıcılıqla
bərabər, həm
də müxtəlif məsul vəzifələrdə
çalışıb. Müxtəlif illərdə
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının
direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. 1967-ci ildə Əməkdar incəsənət xadimi,
1988-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə
“Şöhrət” ordeninə,
2001-ci ildə Prezident
təqaüdünə layiq
görülüb.
Hacı
Xanməmmədov 2005-ci il aprelin 7-də, 87 yaşında vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.14.