“Azərbaycan zəngin adət-ənənəyə
malik ölkədir”
Fernando Alonso “Sehrli ilmələr” qalereyasında xalça toxuyub
İyunun 15-də “Formula 1” üzrə ikiqat dünya çempionu, "McLaren Honda" komandasının heyətində yarışan və Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso “Azərilmə” MMC-nin “Sehrli ilmələr” qalereyasında olub.
Qonaq “Azərilmə”nin nadir Azərbaycan xalçalarından və məmulatlarından ibarət sərgiyə baxıb. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. Xalça sexi ilə tanış olan qonaq xalça toxunması prosesi ilə maraqlanıb, bir neçə ilmə vurub, qalereyanın zəngin eksponatları ilə tanış olub.
Sonra Heydər Əliyev Mərkəzinə gələn qonağa müasir dünya memarlığının nadir incilərindən sayılan tikili haqqında məlumat verilib. Fernando Alonsoya xatirə hədiyyələri təqdim olunub. Sonra pilot burada fəaliyyət göstərən klassik avtomobil sərgisi ilə tanış olub.
“Artıq Azərbaycana ikinci dəfədir səfər edirəm. Burada gördüklərim məndə xoş təəssüratlar yaradıb”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Pilot Bakının bir çox görməli yerlərini gəzdiyini,
şəhərin Qərb ilə Şərqin ahəngdarlığını
təşkil etdiyini, paytaxt
sakinlərinin gülərüz və mehriban
olduğunu xüsusi
vurğulayıb: “Ölkənizə səfərim zamanı
xalçalarınızla tanış oldum.
Doğulduğum İspaniyada
da xalçaçılıq ənənəsi
var. Ancaq Azərbaycan
xalçaları özünəməxsusluğu ilə seçilir, naxışları isə çox gözəl və fərqlidir. Səfər
etdiyim ölkələrdə hər zaman oranın mədəniyyəti ilə
maraqlanıram. Deyə bilərəm ki, sizin ölkəniz zəngin adət-ənənəyə
malikdir. Mətbəxiniz isə xüsusilə
fərqlənir”.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.3.