Ömrün illərini vərəqləyərkən
Ömrünü musiqiyə bağlayan, böyük hörmət və nüfuz qazanan tanınmış musiqişünas alim, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının professoru Şəhla Həsən qızı Həsənova mənalı həyatının fərəhli və gözəl dövrünü yaşayır. Şövqlə, əqidə və amalla, ən başlıcası, peşəkarlıqla illər boyu elmi, pedaqoji və maarifçilik fəaliyyəti ilə məşğul olan Şəhla xanımın 60 yaşı tamam olur. Azərbaycan musiqisinin ənənələrinin öyrənilməsində, gələcək nəsillərə ötürülməsində onun xidmətləri danılmazdır.
1956-cı ildə görkəmli şərqşünas alimlər Həsən Mahmudov və Fəxrəntac Zülfüqarovanın ailəsində dünyaya göz açan Şəhla xanım ziyalılar nəslinin ən gözəl ənənələrinin davamçısı olmuşdur. Çətin sənətin incəliklərini o, Bülbül adına orta ixtisas musiqi məktəbində mənimsəyir və 1974-cü ildə bu təhsil ocağını qızıl medalla bitirir. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsinə daxil olur. İstedadlı, intizamlı və fəal tələbə olduğuna görə təhsil ocağının rəhbərliyi onu ən yüksək təqaüdə layiq görür, “Tələbə elmi cəmiyyəti”nin sədri seçir.
Azərbaycan, rus ədəbi dilinin qanunlarına mükəmməl bələd olan, fikrini rəvan, anlaşıqlı tərzdə çatdırmağı bacaran Ş.Həsənova elmi fəaliyyətə maraq göstərir və bu dövrdən mütəmadi olaraq məqalələrlə çıxış edir. Gənc alim hələ tələbə ikən respublika (1975, 1976) və ümumittifaq (1977) müsabiqələrinin qalibi olur. Geniş erudisiyası və bacarığını nəzərə alaraq, onu Havanada keçirilən tələbə və gənclərin 11-ci Ümumdünya festivalının Azərbaycandan siyasi nümayəndəsi seçirlər.
1979-cu ildə ali təhsilini müvəffəqiyyətlə başa vurarkən, ona konservatoriyada qalmaq, musiqi tarixi üzrə mühazirələr oxumaq təklif olunur. Beləliklə, o, musiqi tarixi kafedrasında pedaqoji fəaliyyətə başlayır. Ş.Həsənova xarici ölkələrin musiqi tarixi üzrə Azərbaycan dilində yazılmış ilk dərs vəsaitlərinin müəllifidir. Onun bir sıra mühüm fənlər üçün tərtib etdiyi metodik tövsiyələr, proqramlar tədris prosesində geniş istifadə olunur.
Onun zəngin fəaliyyətinin maraqlı bir istiqamətini musiqi maarifçiliyi təşkil edir. İyirmi il ərzində Azərbaycan Televiziyasının tamaşaçıları bu istedadlı musiqişünası uşaqlar üçün “Sehrli səslər evciyi” adlı musiqi proqramının müəllifi və aparıcısı kimi tanıyıb sevmişlər. Təsadüfi deyil ki, yüksək professionallığı ilə hamını heyran edən Şəhla xanım görkəmli dirijor, SSRİ Xalq artisti Niyazinin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında və müxtəlif bölgələrdə musiqi maarifçisi kimi böyük işlər aparmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə o, musiqi haqqında üç sənədli filmin - “Azərbaycan musiqisi” və “Azərbaycan muğamı” (2008), görkəmli bəstəkar M.Maqomayev haqqında “Yarımçıq qalmış motiv” (2010) filmlərinin ssenari müəllifidir.
Alimin axtarışlarının başlıca istiqamətini müəyyənləşdirən amillər - Azərbaycan milli musiqisi və bəstəkar yaradıcılığıdır. O, ölkəmizdə və xaricdə nəşr olunmuş 200-dən artıq məqalənin müəllifidir. Şəhla xanım “Mövzu muğamda dramaturji prosesin aparıcısı kimi” çətin və aktual elmi problem üzərində işləyərək, 1994-cü ildə böyük müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir və sənətşünaslıq namizədi elmi dərəcəsini alır. 1997-ci ildə bu mövzunu daha yüksək professional səviyyədə qələmə alınmış “Azərbaycan muğamının tematizmi” adlı monoqrafiyaya çevirir. Bu əsaslı elmi işin tapıntıları xaricdə də diqqəti cəlb edir. 2004-cü ildə ABŞ-ın Norsvestern Universitetindən Azərbaycan Mədəniyyət Nazirliyinə ünvanlanan məktubda Şəhla xanımın bu kitabının bir parçasının Etnomusiqişünaslıq forumunda çap olunması üçün icazə alınmışdır.
2009-cu ildə Bakıda keçirilən “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının işçi qrupunun tərkibində böyük təşkilatçılıq işi aparan Ş.Həsənova həmçinin festival çərçivəsində təşkil edilmiş simpoziumda maraqlı məruzə ilə çıxış etmişdir.
Şəhla xanım elmi və
pedaqoji fəaliyyətlə yanaşı,
təşkilati fəaliyyətlə də məşğul olur. Müxtəlif illərdə
o, Ü.Hacıbəyli adına BMA-nın
Elmi şurasının üzvü,
Dissertasiya şurasının elmi katibi, Prezident
yanında AAK-ın Ekspert şurası sədrinin
müavini olmuşdur.
1997-ci ildən,
BMA-da magistratura açılandan bu günə kimi bu şöbənin müdiridir. Səmərəli fəaliyyətinə görə dəfələrlə
Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunub.
Ş.Həsənova Azərbaycan Bəstəkarlar
İttifaqının da
fəal üzvüdür. İttifaqın keçirdiyi konfranslarda daim aktual mövzularda
məruzələrlə çıxış
edir, Azərbaycan bəstəkarlarının əsərlərinin
təbliği işində
fəal çalışır.
Şəhla xanım elmi araşdırmalarını davam
etdirərək, 2008-ci ildə
Xalq artisti Musa Mirzəyevin 75 illik yubileyi münasibəti ilə yüksək peşəkarlıqla yazılmış
bir neçə kitab çap etdirmişdir. “Musa Mirzəyev.
Biblioqrafiya” adlı birinci
kitabda bəstəkarın
həyat və yaradıcılığı əhatə
olunubdur. “Musa Mirzəyev” adlı ikinci kitab isə
bəstəkarın yaradıcılığına
həsr olunmuş ilk
fundamental monoqrafiyadır. Təsadüfi deyil ki, alim hər kitabına
görə “Humay” milli mükafatına layiq görülmüşdür.
2012-ci ildə Ş.Həsənova
“Azərbaycan bəstəkarlıq
məktəbinin ənənələri
kontekstində Xalq artisti Musa Mirzəyevin yaradıcılığı” mövzusunda
doktorluq dissertasiyasını
müdafiə etmiş
və sənətşünaslıq
üzrə elmlər doktoru elmi dərəcəsini
almışdır.
Onun dəyərli kitabları sırasında “Azərbaycan
bəstəkarlarının yaradıcılığı”, “XX əsr Azərbaycan musiqisi: ənənə və müasirlik”, “Musiqi palitrası”nı
xüsusi qeyd etmək lazımdır. Alimin görkəmli sənətkarlarımıza həsr
etdiyi “Lütfiyar İmanov”, “Hacı Məmmədov” və “Əhsən Dadaşov” adlı üç yeni böyük monoqrafiyası işıq
üzü görəcəkdir.
Ş.Həsənovanın bacarığı,
peşəsinə sədaqəti,
sonsuz məhəbbəti
diqqətsiz qalmamışdır
və o, 2008-ci ildə
Prezident İlham Əliyevin sərəncamı
ilə Əməkdar incəsənət xadimi fəxri adına
layiq görülmüşdür.
Şəhla xanımdan danışarkən
onun yüksək insani keyfiyyətlərini qeyd etməmək qeyri-mümkündür. O, hər
şeydən əvvəl,
işıqlı, insanın
qəlbində xoş
hisslər oyadan bir şəxsiyyətdir; elmdə, yaradıcılıqda,
pedaqoji fəaliyyətdə
və insanlara münasibətdə saf, təmiz münasibəti ilə seçilir. Ömrünün məhsuldar çağını
yaşayan, sözün
əsl mənasında
ad-san qazanmış dəyərli
insan, alim və pedaqoq Şəhla Həsənovaya
yeni yaradıcılıq
uğurları, səadətli,
xoş günlər arzulayıram.
Könül Nəsirova
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.11.