“Rəssam nə çəkirsə-çəksin, ortaya yaradıcılıq çıxmalıdır”

 

“Sənətdə öz yolunu tapmaq, göydən paraşütlə tullanmaq kimi bir şeydir. Paraşüt açıla da bilər, açılmaya da

 

Azərbaycanda elə bir rəssam tapılmaz ki, onun yaradıcılığında mənzərə janrına təsadüf edilməsin. Dövlət Rəssamlıq Akademiyasının müəllimi İsa Məmmədovun mənzərələri isə bir başqadır. O, impressionistdir, bu cərəyanın bütün tələblərinə bağlıdır. Ən başlıcası, çağımızda mənsub olduğu cərəyanın böyük ustalarından biridir.

 

Bu ilin əvvəlində rəssamın 60 illik yubileyi ilə bağlı V.Səmədova adına salonda fərdi sərgisi keçirildi. Həmin sərgi məndə böyük duyğular yaratdı. Hər bir əsər sanki tamaşaçını tutub saxlayır, özünə ayrıca diqqət ayırmağı tələb edirdi. Açığı, rəsm sərgilərinin bolluğunda tamaşaçını düşündürən, ona sözün yaxşı anlamında sarsıdıcı təsir bağışlayan əsərlər az olur. İ.Məmmədovun yubiley sərgisini bu baxımdan son illərdə təsviri sənət sahəsində hadisə adlandırmaq olar. Bu, yalnız mənzərələrdən ibarət sərgiydi.

Onun üslubu V.Qoqa, K.Moneyə çox yaxındır, ancaq özünəməxsusdur. Rəssam onları özünün müəllimi sayır, emalatxanasında onların əsərlərinin surətini də asıb. Bununla belə, onun öz yolu, yöntəmi, rəngləri var. O, fırça ilə rəngləri qırıq-qırıq elə vurur ki, həm incə görünür, həm zəngin rəng çalarları yaranır, həm də əsərin ümumi ifadəsi insanı duyğulandırır.

Bu mənzərələr başqaları kimi təbiətdəkinin oxşarı deyil. Rəssamlar var ki, obyekti olduğu kimi çəkirlər, əsərə özlərinin hansasa duyğularını əlavə etmirlər. Ancaq İ.Məmmədovun çəkdiyi mənzərələrin hamısında müəllifin ruhsallığını, duyğusallığını aydınca görürük. Tamaşaçı anlayır ki, təbiətdə birəbir, bu sayaq mənzərə yoxdur. Demək, bizi həyəcanlandıran əslində təbiətdəki mənzərələr deyil, rəssamın dünyasından yaranan mənzərələrdir.

“Çalışıram ki, əsərlərimdə tamaşaçının təbiətdə görə bilmədiklərini göstərim. Çəkdiklərimin təbiətdəkilərə oxşamasını istəmirəm. Oxşasa, əsərdə heç bir sirr olmaz, yaradıcılıq yoxa çıxar. Bütün bölgələrimiz gözəldir. Bir çox əsərlərim İsmayıllı mənzərələridir. O yerlərə çox bağlıyam”, - deyir İ.Məmmədov.

Onun mənzərədən başqa janrlarda da işləmək bacarığı var. Belədirsə, niyə digər janrlarda əsərlər çəkmir? Bunu belə açıqlayır: “Xırdalanda emalatxanam vardı, orada çılpaq qadın əsəri üzərində işləyirdim. Axşam yuxuma bir nurani adam girdi, çəkdiyim çılpaq qadın əsərini üzünü arxaya çevirib dedi ki, bir də belə əsərlər çəkmə. Mən də səhər oyanıb həmin əsəri sildim, yerinə Xınalıq mənzərəsi çəkdim. Ondan sonra mənzərələr işləyirəm”.

Hər kəsin yaşamında çətinliklər olur. Özəlliklə müstəqilliyimizin ilk illərində sənət adamlarının çətin durumu hamıya məlumdur. Həmin vaxtlar çörək qazanmaq üçün İsa müəllim də 13 il rəssamlıqdan aralı düşüb. Sənətlə əlaqəsi olmayan başqa bir sahədə çalışıb.

Müsahibim 1956-cı ildə əzəli yurdumuz Zəngəzur mahalının Qafan rayonunda anadan olub. Rəsm çəkməyə birinci sinifdə oxuyanda başlayıb. 1967-ci ildə ailəvi Xırdalana köçüblər. İsa musiqi məktəbinin qarmon şöbəsinə yazılıb. İki sənətdən biri - rəssamlıq onu daha çox özünə çəkib. Orta məktəbi bitirdikdən sonra, 1974-cü ildə sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verib. 1978-ci ildə həmin məktəbi bitirərək Moskvaya gedib, üç il İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda fəhlə işləyib, həm də ora qəbul olunmaq üçün hazırlaşıb: “1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda rəssamlıq fakültəsi açıldı. Xalq rəssamı Nadir Əbdürrəhmanov mənə düzgün yol göstərdi. Dedi ki, Moskvada oxumağa gərək yoxdur, rusların rəng duyumu yaxşı deyil, hamısı boz işləyirlər. Burada oxu, daha yaxşı olar. 1987-ci ildə İncəsənət İnstitutunu bitirdim”.

İ.Məmmədovun portretlər əsərləri də az deyil. İşlərinin satılmasından narazılığı yoxdur. Deyir, rəssamın evdə çörəyi olmasa, rahat işləyə bilməz. Son iki ildə 60-a yaxın əsər çəkdiyini söyləyir. Rəssam var ki, bu gün hansısa rəssamın yolu xoşuna gəlir, onun kimi işləyir, o biri gün isə başqası kimi çəkir: “Mən öz yolumu tapmışam. İstəyim insanları bir anlıq da olsa, əsərlərim qarşısında saxlamaq, onlara nəsə deməkdir. Azərbaycanda bu gün yaxşı rəssamlarımız var. Rəssam nə çəkirsə-çəksin, ortaya yaradıcılıq çıxmalıdır. Duyğusuz çəkilən əsər deyil. Vaxtilə şəhər mənzərələri çəkirdim. İndi kənd mənzərələri işləyirəm. Biri mənə deyir ki, işlətdiyin rənglərin adını yaz, gedim alım, mən də elə işləyim. Gülməlidir, deyilmi?”

İsa müəllim uzun illərdir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıqdan dərs deyir. Müəllim kimi öz sənəti haqqında düşüncəsi belədir: “Rəssamın yaddaqalan işləri olmalıdır. Sənətdə öz yolunu tapmaq, göydən paraşütlə tullanmaq kimi bir şeydir. Paraşüt açıla da bilər, açılmaya da. Bu sahədə mən istedada daha çox inanıram”.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 17 iyun.- S.15.