Şəkidə turistlər üçün yeni layihə
Qala divarları ərazisində
atçılıq üzrə turizm marşrutunun təqdimatı keçirilib
Şəki Mədəniyyət və Turizm Şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 17-də şəhərdəki Qala divarları ərazisində atçılıq üzrə yeni turizm marşrutunun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi yerli sakinlər və turistlər tərəfindən maraqla qarşılanıb. İştirakçılara məlumat verilib ki, yay turizm mövsümünün sonunadək Şəkidə atçılıq turizmi üzrə yeni marşrut fəaliyyət göstərəcək. Maraq göstərənlərin böyük əksəriyyətinin at minmək sahəsində təcrübəsi olmadığı nəzərə alınaraq onlara yüksəkixtisaslı peşəkar təlimatçıların yardımı da nəzərdə tutulur.
Yay aylarında Şəkiyə gələn turistlərin sayı xeyli artır. Qonaqların istirahətini mənalı və səmərəli təşkil etmək məqsədilə hər gün “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda, qədim Qala divarlarının ərazisində onlar üçün müxtəlif musiqili proqramlar təşkil edilir. İstəyirik ki, turistlər Şəkidən xoş təəssüratlarla ayrılsınlar.
Bu sözləri Mədəniyyət
və Turizm şöbəsinin müdiri Mirvari Zeynalova deyib. Onun bildirdiyinə
görə, qoruğun ərazisində
turistlərə daha bir
əyləncə növünün - atla gəzintinin təklif olunmasında məqsəd
xalqımızın atçılıq ənənələrini
nümayiş və təbliğ etmək,
eyni zamanda
atçılıq turizmini inkişaf etdirməkdir. Bu məqsədlə Respublika Atçılıq Turizm
Mərkəzi ilə birgə hazırlıq işləri görülüb, atlar
ayrılıb, təcrübəli mütəxəssislər cəlb
olunub: “İlk gündən
hiss olunur ki, turistlər atla gəzinti
ilə maraqlanırlar. Ümid edirik ki, bu
təşəbbüs turizmin
inkişafına öz töhfəsini verəcək”,
- deyə o əlavə edib.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.7.