“Dərbənd teatrında
çalışmaq mənim üçün
bir missiyadır”
“Ac həriflər”in qastrolundan sonra mənəvi
toxluq verən söhbət
Dərbənddən söz düşəndə hər kəs dastanlarda, nağıllarda oxuduğu bir ifadəni xatırlayır: dəmir qapı Dərbənd. Yaşı minilliklərlə ölçülən Dərbənd şəhəri azərbaycanlıların tarixi vətəni və bu gün kompakt yaşadıqları ən şimal yaşayış məskəni kimi bizə əzizdir. Bu çoxmillətli və çoxmədəniyyətli şəhərdə soydaşlarımızın tarixi qaladan başqa bir mənəvi qalası da var - Dərbənd Dövlət Azərbaycan Dram Teatrı.
Dərbənddə XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Bu teatrı yaşatmaq, böyük və çoxmillətli federativ dövlətdə onu peşəkar sənət ocağı kimi tanıtmaq bir şərəf işidir. Ötən həftə Ə.Haqverdiyevin «Ac həriflər» pyesinin tamaşası ilə respublikamızda qastrolu başa çatan teatrın baş rejissoru Ərtoğrul Kamalov müsahibimizdir.
- Ərtoğrul, sizi teatr ilə birlikdə vətəndə
görmək çox xoşdur.
İlk böyük
qastrol necə keçdi?
- Çox yaxşı. Harada çıxış etdiksə, qayğı və maraqla qarşılandıq. Altı şəhər
və rayonda - Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara və Lənkəranda «Ac həriflər»i
yeddi dəfə oynadıq.
- Bildiyim qədər, teatrın qayğıları,
çətinlikləri çoxdur.
- Bu teatr sənət fədailərinin sayəsində
yaşayır. Təsəvvür edin, aktrisa-rejissor Yaqut Xandadaşovadan başqa teatrda heç kimin teatr təhsili yoxdur. Bu yaxınlarda
Mahaçqala Dövlət
Universitetinin teatr fakültəsini bitirmiş
İzabella Ağayeva truppaya daxil edilib. Buna görə
də çalışıram
ki, Mədəniyyət
və İncəsənət
Universitetində, ustadım
Vaqif İbrahimoğlundan,
Moskvada keçdiyim ustad dərslərindən
öyrəndiklərimi onlara
ötürüm. Teatra aid kitabları
aktyorlara paylamışam,
bəzən məşqlərimiz
dərs prosesinə oxşayır. Digər tərəfdən,
teatrın binası inzibati otaqlardan və bir də
kiçik məşq
zalından ibarətdir.
Tamaşa oynamaq üçün
nə səhnə var, nə də
tamaşaçı salonu.
Amma bu çətinliyin
də aradan qalxmasına az
qalıb. Ötən ilin avqustunda
Prezident İlham Əliyev Dərbənd Dövlət Azərbaycan
Dram Teatrının binasının
yenidən qurulması
haqqında sərəncam
imzalayıb, bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə vəsait ayrılıb. Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi ilə Dağıstan Respublikasının müvafiq
qurumları ilə razılaşmaya görə,
artıq teatr binasının layihəsi
təsdiq olunub, tikinti üçün yer ayrılıb. Yəqin ki, bir neçə
ilə bina tikilib istifadəyə veriləcək.
- Bina, maddi-texniki məsələlər həllini
tapacaq. Amma peşəkar yaradıcı
heyət də formalaşdırılmalıdır...
- Elədir. Mən orada müqavilə
ilə çalışıram.
Yerli sakinlərdən
ali təhsilli
rejissorun olması lazımdır. Aktrisa-rejissor kimi çalışan
Yaqut xanım bir neçə uşaq tamaşası hazırlayıb. Planlaşdırıram ki, bu yaxınlarda
ona böyüklər
üçün də
tamaşa hazırlamağı
həvalə edim, çünki maraqlı rejissor düşüncəsi
var.
- Bizdə belə təcrübələr olub.
Məsələn, Şəki, Lənkəran
teatrlarının özəyini
o vaxtkı İncəsənət
İnstitutunun ayrıca
buraxılışları yaradıblar.
İndi də universitetdə Dağıstan azərbaycanlılarından
bir kurs yığmaq olar ki, teatrın binası hazır olanadək onlar da təhsillərini başa vurub doğma şəhərə
qayıdarlar.
- Çox gözəl olardı... Dərbənd teatrı bu
sahəni fədakarcasına
sevən insanların sayəsində yaşayıb.
Amma istəyin, həvəsin, hətta istedadın da nə qədər
çox olsa belə, sistemli təhsil yoxsa, bir neçə tamaşadan sonra uduzursan. Hələ ki bizdə vəziyyət belədir.
Digər
tərəfdən, kollektiv
bir tamaşanı cəmi iki dəfə
- bir təhvil verəndə, bir də premyera günü Ləzgi Dövlət Teatrının
binasında oynayır.
Bununla da tamaşanın ömrü bitir.
- Onda belə çıxır ki, Azərbaycana bu qastrol həm də «Ac həriflər»i tamaşa kimi formalaşdırdı...
- Azərbaycanda qastrolda olmaq kollektivə ən azından işləmək imkanı
verir. Təsəvvür edin, biz ardıcıl
olaraq «Ac həriflər»i
yeddi dəfə oynadıq. Birinci dəfə Bakıda
çıxış etdik.
Tamaşadan əvvəl heç
məşq etməyə
imkan olmamışdı.
Sonuncu tamaşanı Lənkəranda oynayanda
hiss etdim ki, tamaşa «bişib». Bu mövsümdə biz beş tamaşa hazırlamışıq. İkisini mən,
iki uşaq tamaşasını Yaqut xanım, bir tamaşanı dəvət
etdiyimiz Mirsahib Ağazadə hazırlayıb.
Mirzə
Cəlilin bütün
əsərlərindən kollaj
kimi «Danabaşlar» adlı tamaşadır.
Premyera iyul ayında olacaq.
- Sağlıq olsun. Bildiyim qədər, sizin teatr Rusiya Federasiyasında
dövlət statuslu yeganə Azərbaycan teatrıdır?
- Bəli, amma bu teatr Azərbaycan
Respublikasından başqa
heç bir başqa ölkədə hələ qastrolda olmayıb.
- Yəni Rusiya Federasiyasında da qastrola çıxmayıb? Hər halda
iri şəhərlərdə
məskunlaşmış soydaşlarımız
yəqin ki teatrın tamaşalarına
həvəslə baxarlar.
- Yəqin ki, bunun da bəzi səbəbləri olub. Mən ötən ilin yayından Dərbənd teatrında çalışıram. Avqust ayında isə direktorla birlikdə Türkiyənin Bartın şəhərində festivala getdik. Festivalın təşkilat komitəsindən bildirdilər ki, biz Dərbənddə Azərbaycan teatrının olmasından xəbərsizik. Həm də onlar məni tanıyırdılar deyə, festival zamanı gənc aktyorlara ustad dərsi keçməyə dəvət etdilər. Biz getdik, razılaşdıq ki, gələn il tamaşa ilə festivala gedək.
- Deməli, avqustda gedirsiniz?
- Getməliydik. Amma Rusiya-Türkiyə münasibətlərinin soyuması bizim səfərimizə mane oldu. Əslində siyasət mədəniyyətə qarışmamalıdır, nə isə...
- Dağıstan Respublikasında Azərbaycan teatrına münasibət necədir?
- Çox yaxşı. Respublikanın mədəniyyət naziri Zarema Ajuyeva, onun müavinlərinin bizim teatra münasibəti çox yaxşıdır. Dərbənddə azərbaycanlılar çoxdur. Qala əhalisi demək olar ki, yalnız soydaşlarımızdır. Teatrı da çox dəstəkləyirlər. Məsələn, biz premyerada açıq qapı edəndə hətta etiraz edirlər ki, kassanı açın, bilet alıb tamaşaya baxaq. Soydaşlarımız öz teatrlarının təəssübünü çəkirlər.
- Ümumiyyətlə, Dərbənddə azərbaycandilli mədəni mühit varmı?
- Dərbənddə Azərbaycan dilində həm kiril, həm də latın əlifbası ilə qəzet çap olunur. Əlamətdar günlər, milli bayramlar dövlət səviyyəsində xüsusi konsert proqramları ilə qeyd edilir. Milli münasibətlər çox yaxşıdır. Yerli azərbaycanlılar da çox fəaldırlar, Dağıstan hökuməti də bu məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası ilə Dağıstan Respublikasının mədəni əlaqələri çox yaxşı inkişaf edir. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda Dağıstan mədəniyyəti günləri keçirildi. Həmin tədbirdə mən həm ikinci rejissor kimi iştirak edirdim, həm də açılışda Puşkin rolunda çıxış etdim.
- Bəs siz özünüz necə, digər yerli teatrların tamaşalarına baxmısınız? Onların vəziyyəti yaradıcılıq baxımından necədir?
- Dərbənddə üç dövlət teatrı var: Azərbaycan, tabasaran və ləzgi dövlət teatrları. Bir də özəl tat teatrı var. Ümumiyyətlə, bu teatrlar arasında münasibət yaxşıdır, bir-birimizin tamaşalarına baxırıq. Lakin milli dillərdə oynanıldığından çox da anlaya bilmirəm. Texniki imkanlar da o səviyyədə deyil ki, subtitrlərdən mətni anlayasan. Amma Mahaçqalada Rus Dövlət Dram Teatrının tamaşalarına baxmışam. Çox maraqlı quruluşları olur. Düzdür, texniki baxımdan, aktyor ifaçılığı baxımından Bakı qədər olmasa da, hər halda Dərbənd teatrlarından xeyli üstündürlər.
- Belə başa düşürəm ki, Dərbənddə Azərbaycan teatrının fəaliyyət göstərməsi elə kollektivin gücü sayəsində baş verib.
- Bəli, Dərbənd teatrının veteranları fədakarcasına, tamaşa oynamağa, öz şəhərlərindən kənara çıxmağa imkanları olmadan teatrı qoruyub yaşadıblar. İndi də bizim borcumuzdur ki, onların yaratdığı teatrı əsl peşəkar teatr səviyyəsinə çatdıraq və yaşadaq.
- Dərbənddə nə qədər çalışacaqsınız?
- Üçillik müqavilə
imzalanıb. Onun da artıq bir
ili geridə
qalıb.
- Sizin Dərbənd teatrı barədə can yanğısı ilə danışdığınızdan belə başa düşdüm ki, bu iş sizin
üçün bir missiyadır.
- Elə mən də bu təyinatı
bir missiya kimi qəbul etmişəm. Əgər mənim orada
çalışmağımın Dərbənd teatrına faydası dəyərsə,
özümü Azərbaycan
teatrı üçün
nəsə etmiş sanaram.
- Madam ki, belədir,
elə isə hansı yaradıcılıq
planlarınız var?
- Mən orada təzə işə başlayanda kollektiv ilə sənət söhbəti aparanda özləri də inanmırdılar ki, yəni biz bunu bacararıq? Düzdür,
onların sənət
təhsili yoxdur, amma istedadları və həvəsləri
var. Buna görə də
əziyyətimiz bir qədər çox olsa da, aktyorların
gücündən maksimum
istifadə etməklə
ortaya bir iş qoymaq mümkündür. «Ac həriflər»
tamaşası hazır
olanda dedim ki, qoy Mahaçqaladan
tənqidçilər gəlsinlər.
Aktyorlara
qəribə gəldi
ki, quruluşçu rejissor tənqidçi çağırır. Nazirlikdən teatrın kuratoru da, tənqidçilər də gəldilər, müzakirədən sonra kollektivin özünə inamı artdı. Firuz Mustafanın «Neytral zona» əsərini oynadıqdan sonra nazir müavini, Mahaçqala və Dərbənd teatrlarının
rəhbərliyi, tənqidçilər
müzakirədə iştirak
etdilər. Həmin müzakirədən
sonra nazirliyin teatrlar üzrə kuratoru Mavled Tülparov bizi oktyabr ayında Mahaçqalada keçiriləcək
beynəlxalq teatr festivalına dəvət etdi ki, bu
tamaşa ilə çıxış edərsiniz.
- Deməli, çərçivəni
genişləndirirsiniz.
- Bəli, bu il truppaya daxil edilmiş ali təhsilli İzabella Ağayeva üçün Jan Koktonun
«İnsan səsi» monotamaşasını hazırlamaq
niyyətindəyəm. Noyabr ayında
Dağıstan Respublikasında
yeni açılmış
Poeziya teatrında keçiriləcək festivalda
Dərbəndə həsr
olunmuş əsərlər
əsasında tamaşa
ilə çıxış
edəcəyik. İstəyirəm, mümkün qədər çox tamaşa üzərində işləyək
ki, aktyorlar çıxış etməyə
vərdiş etsinlər.
Yaqut xanım «Hicran» tamaşasını hazırlamaq
istəyir. Digər tərəfdən
də, xarici ədəbiyyata, müxtəlif
teatr cərəyanlarına
müraciət etmək
niyyətim var. İrəli
getmək, Azərbaycan
teatrını tanıtmaq
üçün çox
işləmək lazımdır.
... Sənətin taleyi başqa
sahələrinkinə bənzəməz.
Teatra gələn tamaşaçı
üçün baxacağı
əsərin hansı
şəraitdə, hansı
qüvvə ilə hazırlandığı fərq
etməz. Həmin teatrın
əyalət, ya da paytaxt kollektivi
olması da onu maraqlandırmaz.
O, maraqlı, keyfiyyətli,
yaddaqalan tamaşaya baxmaq istəyir. Bəs onda nə etməli?
Yolun çətin aşılanını seçək:
şərait və imkanları yaxşılaşdıraq,
səviyyəni yüksəldək
ki, mənəvi tələbat ödənilsin.
Elə Dərbənd Azərbaycan
Dövlət Dram Teatrı
da bu yolu
seçib.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.6.