Azərbaycan musiqisi növbəti dəfə Yaponiyada səslənib

 

 

Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə Kanaqava prefekturasının Saqami Qızlar Universitetində “Nəfəsli alətlər orkestrinin 50 illik yubileyi”nə həsr olunmuş konsert keçirilib.

Əvvəlcə ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə “Gren halla toplaşmış iki minə yaxın tamaşaçını salamlayıb. Azərbaycan-Yaponiya dostluq münasibətlərinin əhəmiyyətini qeyd edən səfir mədəniyyət sahəsində qarşılıqlı mübadilənin iki ölkənin xalqları arasında yaxın dostluq münasibətlərinin inkişafına töhfələr verəcəyini vurğulayıb.

Ölkəmizin zəngin mədəniyyətə malik olduğunu, Azərbaycan bəstəkarlarının dünya klassik musiqisində özünəməxsus yer tutduğunu diqqətə çatdıran diplomat tədbirin yüksək səviyyədə təşkilinə görə musiqi məktəbinin rəhbərliyinə, azərbaycanlı pianoçuya, eləcə də tamaşaçılara minnətdarlığını bildirib.

Konsertdə həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərova-Azumanın və nəfəsli alətlər orkestrinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Sevda İbrahimovanın əsərləri səslənib. Saqami yuxarı sinif məktəbinin məzunlarından ibarət olan orkestrə kollektivin direktoru Syuci Yacima dirijorluq edib.

Yubiley tədbirində həm Azərbaycan musiqi nümunələri, həm də orkestrin üzvləri tərəfindən hazırlanan rəngarəng proqram tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.15.