Formula-1 xəritəsində yeni ünvan
Dünyanın ən nüfuzlu avtomobil idmanı
yarışmasının Bakı Qran-prisi uğurla gerçəkləşdi
Azərbaycanın paytaxtı daha bir beynəlxalq miqyaslı idman yarışına ev sahibliyi etdi. 17-19 iyun tarixində Bakıda dünyanın ən nüfuzlu avtomobil idmanı yarışması - Formula-1 Avropa Qran-prisi keçirildi.
Ötən il paytaxtımızda ilk dəfə gerçəkləşdirilən Avropa Oyunlarında olduğu kimi, Formula-1 yarışı da həyəcan dolu anları ilə yanaşı, rəngarəng mərasimləri, əyləncəli proqramları və təbii ki, mədəni irsimizin təqdimatı ilə yadda qaldı. Yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş Formula-1 həvəskarları, turistlər Azərbaycan paytaxtını - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhəri də özləri üçün kəşf etmiş oldular.
İyunun 19-da yarışmanın həlledici mərhələsindən əvvəl Azadlıq meydanında keçirilən açılış mərasimi maraqlı tərtibatı ilə xüsusi diqqət çəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirdi.
Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti missiyanı uğurla doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Beş rəmzin vəhdəti
Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Mərasim bir anlamda qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə və parlaq idman ənənələrinə malik ölkəmizin təqdimatı oldu.
Mərasimdə alov, su, külək, irəli və birlik rəmzinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.
Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edə
bilər. Lakin xəyalları reallığa çevirmək,
Formula-1-in sürət həyəcanını yaşamaq,
çempion olmaq üçün müstəsna xüsusiyyətlərə,
peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, sutək
enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə
doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri
zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən
komanda ruhuna ehtiyac var.
Ehtirası təcəssüm etdirən alov bu
yarışmada iştirakın ruhunu ifadə edir. Əllərində
alov dalğalarını təcəssüm etdirən bayraqlar
tutan oğlanlar və qızlar Azərbaycanın milli
musiqisinin sədaları altında meydandan keçdilər.
Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın
mədəniyyətini, həmçinin Formula-1 həyəcanını
mərasim iştirakçılarına və bütün
dünyaya çatdırdı.
Alovdan sonra mərasimin ikinci hissəsi olan
qıvraqlıq rəmzi su meydanı “ağuşuna aldı”. Rəqs
qrupunun üzvləri meydanda müxtəlif mənzərələr
yaratdılar. Güclü sürücü
olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və
sərt döngələrdə istiqaməti dəyişməyə
hazır olmalısan. “Xəzər dənizinə
nəzər sal və onun enerjisindən və
qıvraqlığından ilham al”, - açılış mərasiminin
ikinci hissəsinin ruhu məhz belə idi.
Mərasimin üçüncü hissəsi sürət
rəmzi olan külək idi. Külək sürəti
daha da artırmağa sövq edir. Milli rəqs
qruplarının ifaçıları “Sarı gəlin”in sədaları
altında “uçan xalça”larda meydana daxil oldular. Onlar müxtəlif külək effektləri, orijinal
fantastik mənzərələr yaradaraq
tamaşaçıları xəyallar aləminə
aparırlar. Yarış
iştirakçıları və şəhərimizin
qonaqları özləri də etiraf edirlər ki, bəli,
Bakı həqiqətən də küləklər şəhəridir.
Bu amil də məhz açılış mərasimində
öz əksini tapıb.
Rəqs qrupları daha sonra mərasimin
dördüncü hissəsini - qələbə rəmzi olan
irəliyə hərəkəti təqdim etdilər. İştirakçılar
irəliyə hərəkəti əks etdirən fiqur
formasında irəliləyərək meydanda dünyanın ən
sürətli idman avtomobillərindən olan Formula-1 bolidini
nümayiş etdirdilər.
Nəhayət, ifaçılar mərasimin sonuncu -
beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı
hissəsini təqdim etdilər. Formula-1 çempionu
heç vaxt yalnız deyil. O, qələbə uğrunda
birlikdə çalışan komandanın bir hissəsidir.
Formula-1 Avropa Qran-pri yarışı da Azərbaycanı, habelə
Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün
dünyanı birləşdirən bir arzudur.
Açılış mərasiminin sonunda Azərbaycanın
üçrəngli nəhəng bayrağı alqış sədaları
altında meydana gətirildi.
* * *
Açılış
mərasimi başa çatdıqdan sonra Prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva
yarışın idarəetmə mərkəzində
yaradılan şəraitlə tanış
oldular.
“Formula
One Management”in prezidenti Berni Ekklstoun məlumat verdi ki,
böyük bir ərazini əhatə edən kompleksdə
yarışa nəzarət binası, Beynəlxalq Avtomobil
Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə
də 22 iştirakçının hər biri
üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri
üçün nəzərdə tutulub. Paddok
klubun üzvləri burada pit-stop əməliyyatlarını da
rahatlıqla izləyirlər. Yarışın
startı və finişi məhz bu ərazidə yerləşir.
* * *
Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən
ibarət kollektivi tərəfindən dövlət himnimiz ifa
olunduqdan sonra Formula-1 Avropa Qran-prisinin final mərhələsinə
start verildi.
Qeyd edək
ki, bir gün əvvəl keçirilən sıralama
yürüşünün nəticəsinə əsasən,
start xəttinə ən yaxın məsafədə “Mercedes”in
pilotu Niko Rosberq dayanmışdı. Onun ardınca isə “Red
Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin pilotu Sebastian Fettel yer aldılar. Beləliklə,
22 pilot qalib adı uğrunda mübarizəyə
qatıldı.
Sürət,
həyəcan və yenə sürət...
Qeyd edək ki, Formula-1 birnəfərlik, açıq təkərli
avtomobil yarışları üzrə dünya
çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən
müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi
olaraq Formula-1 sürücüləri pilot, avtomobillər isə
bolid adlandırılır. Yarışlar il
ərzində müxtəlif ölkələrdə
keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir.
İlin sonunda bütün Qran-prilərdən
toplanan xalların əsasında pilotlar və komandalar
arasında qalib müəyyən edilir və
mükafatlandırılır. Ən
çox çempion adını “Ferrari” komandasının əfsanəvi
alman pilotu Mixael Şumaxer qazanıb, düz 7 dəfə.
Bakı Qran-prisi isə cari çempionatın səkkizinci
mərhələsi idi.
Bakı Qran-prisində trekin uzunluğu 6 kilometr idi. Pilotlar 20
çətin döngəsi olan trekdə 51 dövrə
vurmalı idilər. Yarışlar
zamanı təhlükəsizlik də ən yüksək səviyyədə
təmin olunmuşdu. Turnirdə orta sürət
saatda 210, maksimum sürət isə 340 kilometr idi.
Xatırladaq ki, Bakıda Formula-1 Avropa Qran-pri
yarışının ilk günündə (17 iyun) əvvəlcə
hər biri iki pilotdan ibarət 11 komanda birinci test
yürüşünə qatılmışdı. Pilotlar öz
bolidləri ilə 6 kilometrlik Bakı trekində
yarışdılar. İlk test
yürüşündə “Mercedes”in sürücüsü
Luis Hamilton 1 dəqiqə 46 saniyə ilə birinci oldu. Onun komanda yoldaşı Niko Rosberq mübarizəni
ikinci, Valtteri Bottas üçüncü, Avropa Qran-prisinin rəsmi
elçisi Fernando Alonso isə dördüncü yerdə
başa vurdu. İyunun 17-də keçirilən ikinci
test yürüşündə də “Mercedes”in pilotu Luis
Hamilton birincilik qazandı.
İyunun 18-də Formula-1 azarkeşləri Avropa
Qran-prisinin ikinci günündə də maraqlı idman
mübarizəsinin şahidi oldular. Üçüncü test
yürüşünə də hər biri iki pilotdan ibarət
11 komanda qoşuldu. Bu mərhələni “Mercedes”
komandasının britaniyalı pilotu, üçqat dünya
çempionu Luis Hamilton birinci, onun komanda yoldaşı Niko
Rosberq ikinci, “Force İndia” komandasının pilotu Niko
Hulkenberq isə üçüncü pillədə başa
vurdular.
Həmin gün baş tutan sıralama
yürüşündə isə “Mercedes” komandasının
pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə
birinci çatmış, bununla da Avropa Qran-prisinin final mərhələsində
pilotların düzülüşü müəyyən
olunmuşdu.
Bolidlər dənizkənarı bulvar boyunca hərəkət
edir, şəhərin ən qədim hissəsi olan və
UNESCO-nun dünya irsi siyahısına daxil edilən
İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında
dövr edirdilər. Beləliklə, yarışı izləyən
televiziya tamaşaçıları şəhərin tam
simasını görmək imkanı qazanmışdılar.
Gərgin idman mübarizəsi şəraitində
keçən Bakı Qran-pri finalının qalibi “Mercedes”
komandasının üzvü Niko Rosberq oldu. Almaniyalı pilot məsafəni
1 saat 32 dəqiqə 52 saniyəyə qət etdi. İkinci yerə “Ferrari” komandasının
almaniyalı pilotu Sebastian Fettel çıxdı. Üçüncü yerdə isə “Force İndia”
komandasının meksikalı pilotu Serxio Peres qərarlaşdı.
“Mercedes”
fərqi - pilot və komanda zəfəri
Qaliblərin mükafatlandırılması mərasimində
birinci yeri tutan pilotun - Niko Rosberqin şərəfinə
Almaniyanın dövlət himni səsləndirildi.
Niko Rosberqə kuboku Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev təqdim etdi. Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva isə mühəndislər
kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim
etdi.
İkinci yerin sahibi Sebastian Fettelə kubok gənclər
və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan
Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının
prezidenti Anar Ələkbərov tərəfindən təqdim
olundu.
Xatırladaq ki, bu, Niko Rosberqin mövsümdə 5-ci,
karyerasında isə 19-cu qələbəsidir. Hesabına 25
xal əlavə edən Niko Rosberq ümumi sıralamada liderlik
mövqeyini bir qədər də möhkəmləndirdi.
Hazırda onun hesabında 141 xal var. Niko Rosberqin
komanda yoldaşı, britaniyalı Luis Hamilton 117 xalla ikinci yerdə
qərarlaşıb. Ümumi hesabda ilk
üçlüyü 96 xalla Sebastian Fettel tamamladı.
Bununla da Formula-1 üzrə dünya
çempionatının 8-ci mərhələsi olan Bakı
Avropa Qran-prisi başa çatdı. Çempionatın
növbəti - doqquzuncu yarışı olan Avstriya Qran-prisi
iyulun 1-3-də keçiriləcək.
* * *
Qeyd edək ki, iyunun 19-da Formula-1 Avropa Qran-prisinin əsas
yarışdan əvvəl GP2 pilotları cari ildə sonuncu dəfə
Bakı trekinə çıxıblar. Onlar Formula-1-ə
dəstək məqsədilə yarışda ikinci
yürüşlərini keçiriblər.
Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində
120 kilometr məsafə qət ediblər. GP2
iştirakçılarının ilk yürüşündə
“Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci
çatmışdı. “ART Grand Prix”
komandasının üzvü Sergey Sirotkin ikinci, “Russian Time”
komandasının pilotu Rafael Marçello isə
üçüncü olmuşdu.
İkinci
yarış da italiyalı pilot Antonio Covinatsinin qələbəsi
ilə başa çatıb. Onun komanda
yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” kollektivinin pilotu
Sergey Sirotkin isə üçüncü olub.
Qalibləri Bakı Şəhər
Halqasının direktoru Arif Rəhimov, mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov və digər rəsmilər
mükafatlandırıblar.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.3;8.