Kulinarlarımızın beynəlxalq çempionatda növbəti uğuru
Azərbaycan kulinarları Ukraynanın
Çernovtsı şəhərində keçirilən “BEST
Cook FEST Junior-2016” beynəlxalq kulinariya çempionatında uğurla
iştirak ediblər.
İyunun 17-də bununla bağlı keçirilən mətbuat konfransında çempionata qatılmış komandanın üzvləri və Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova iştirak edirdi.
Ceyran Əsgərova “BEST Cook FEST Junior-2016” kulinariya çempionatı
haqqında geniş məlumat verdi.
Bildirdi ki, bu yarışmaya 6 ölkə - Ukrayna, Azərbaycan, Türkiyə,
Polşa, İsrail və Serbiya kulinarları qatılıb.
Çempionatda ölkəmizi
Milli Kulinariya Assosiasiyasının üzvləri
Nicat Babayev, Elməddin Mürsəliyev
və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu, komandanın kapitanı Azadə Musabəyli təmsil edib. Komandamızdan Nicat Babayev quzu ətindən
hazırladığı nümunələrlə
“əsas yemək” və “modern mətbəx”
sinfindən gümüş
və bürünc, “ilin gənc aşpazı” sinfindən bürünc medal, Elməddin
Mürsəliyev “əsas
yemək” üzrə gümüş, “ilin gənc aşpazı”nda bürünc, Azadə Musabəyli isə toyuq ətindən “əsas yemək” üzrə bürünc
medal qazanıb. “Qara qutu” komanda
sinfində komandamız
1-ci yeri tutub və qızıl medal qazanıb. Ümumilikdə 8 sinfin 7-də təmsilçilərimiz
uğurla çıxış
ediblər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini onu da qeyd etdi
ki, tək və komanda yarışlarında quzu əti, balıq və desert yeməklərində
komandamız yüksək
nəticə göstərib. Beləliklə,
tərkibi ancaq gənclərdən ibarət
olan komandamız 7 fərdi və 1 komanda yarışında
2 gümüş, 4 bürünc
və 1 qızıl
medal qazanıb.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.10.