Alqışlar üçün hesabat

 

 

Bakı Xoreoqrafiya Akademiyası məzunlarının buraxılış konserti

 

İyunun 22-də Bakı Xoreoqrafiya Akademiyasının məzunları Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında hesabat konserti ilə çıxış etdilər.

 

Budəfəki konsert ənənəvi buraxılış konsertlərindən bir qədər fərqlənirdi. Çünki akademiyanın ortaorta ixtisas təhsili pilləsinin builki məzunları arasında may ayında Bakıda keçirilmiş Qəmər Almaszadə adına KlassikMilli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin diplomant və qalibləri də var idi. Onlar isə ilk müsabiqənin qalibləri cərgəsinə təsadüfən çıxmadıqlarını da sübut etməli idilər.

Konsertin birinci hissəsində klassik rəqs bölməsinin məzunları, tələbə və şagirdləri çıxış edirdilər. 16 musiqi nömrəsinin içində solo, duet, trio, kvartetansambl çıxışları elə sıralanmışdı ki, tamaşaçılar yorulmasın. Maraqlıdır ki, klassik rəqs bölümünün məzunları təkcə məşhur baletlərdən ayrı-ayrı rəqs və variasiyalar, pa-de-dö, pa-de-sklav, pa-de-trua kimi klassik rəqs quruluşları yox, həm də müxtəlif ovqatlı - kədərli, məzəli, fərqli üslublu - balet, avanqardrok musiqiləri əsasında hazırlanmış nömrələrlə çıxış etdilər.

Təbii ki, məzunlara daha çox yer verildiyi konserti diqqətlə izləməklə onlardan hansında balet xarakterinin artıq formalaşdığını, hansının səhnədə öz sözünü demək iddiasında olduğunu sezmək mümkün idi. Üstəlik, bu günün gənc balet artistlərinin hazır ifa qəlibinə sığmadığını görmək də maraqlı idi.

Məsələn, xoreoqrafların böyük ümidlər bəslədiyi məzun, adını çəkdiyimiz müsabiqənin laureatı İslam Məmmədov (müəllim - Pellumb Aqalliyay) V.Solovyov-Sedoyun «Taras Bulba» baletindən «Qopaq» rəqsinin ifasında artistin orta boyu üçün çox hündür sayılacaq tullanışlarda necə inamlı və sərbəst idisə, M.Ravelin kvartet üçün qurulmuş «Bolero»sunda o qədər ehtiraslı ifası ilə seçildi. İslamın məzun Nigar Mircəlallı ilə dünya rok-n-roll ulduzu Tina Törnerin məşhur mahnısı üstündə qurulmuş «Məxfi agentlər» dueti (xoreoqraf Yelena Çernousova) göstərdi ki, bugünkü gənclər üçün sabah böyük səhnələrdə müxtəlif səpkili tamaşalarda çıxış etmək çətin olmayacaq.

 

 

 

 

Gənc balet artistləri daha təcrübəli həmkarlarından çox zaman ifa texnikasına və hərəkətlərdəki artistizmdə axsadıqlarına görə yox, əsasən xoreodram elementlərində - yəni obrazı çatdırmaq üçün pantomim ifadə və jestlərində uduzurlar. Lakin müəllim-xoreoqraf, Əməkdar artist Rimma İsgəndərovanın məzun Günay İsmayılova üçün qurduğu sinematik «Düşüncələr» nömrəsində onun yetirməsi rəqsdəki hiss və həyəcanları çatdırmaqda heç çətinlik çəkmədi.

Ümidvarıq ki, yekun konsertdəki bir neçə dəqiqəlik çıxışları ilə diqqəti çəkməyi bacaran İslam Məmmədovun, Nigar Mircəlallının, Günay İsmayılovanın, Nərminə Vəkilovanın, Ayxan Əhmədlinin, Cəmilə Məmmədovanın sənət uğurlarına tezliklə şahid ola biləcəyik.

Konsertin ikinci hissəsi bütünlüklə milli rəqs bölməsinin məzunlarının ixtiyarına verilmişdi.

Maraqlıdır ki, bu hissədə göstərilən 15 rəqs nömrəsindən cəmi 4-də yalnız məzunlar çıxış edirdi, qalan rəqslərdə akademiyanın ortaorta ixtisas pilləsinin şagirdləri öz məharətini göstərirdi. Solo ifaçı üçün qurulmuş rəqslərdən yalnız biri - «Turacı» Azərbaycan rəqsi (müəllim-xoreoqraf Səbinə Qasımova) idi ki, onu da ifa edən Qəmər Almaszadə adına müsabiqənin laureatı Nərmin Quliyeva I kurs tələbəsidir.

Lakin ansambl şəklində ifa edilən rəqslərdə şagirdlərin qrup şəklində çıxışları göstərdi ki, Azərbaycan milli rəqs sənətinin də ardıcılları hələ çox olacaq.

Alqışlar üçün hesabat konserti Üzeyir Hacıbəylinin «Cəngi»si ilə başa çatdı.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2016.- 24 iyun.- S.6.