Turizm axtarış saytlarında "Şahdağ" və “Tufandağa xüsusi maraq

 

 

"Şahdağ" Turizm Mərkəzi ilk üçlükdədir, dağ gəzintisi üzrə isə ön sıralardadır

 

Rusiyanın məşhur turizm saytlarından olan “turstat.com”un araşdırmasına əsasən, Azərbaycanın Qusar rayonu ərazisindəki "Şahdağ" Turizm Mərkəzi yay turizmidağ gəzintilərinin - trekkingin əlverişli olduğu turizm mərkəzləri arasında ilk üçlükdədir.

 

Təsnifat zamanı mərkəzlərdə mövcud olan infrastruktur və hotellər, o cümlədən mərkəzə çatma üsulları, nəqliyyat imkanları nəzərə alınıb.

Göstərilib ki, "Şahdağ" Turizm Mərkəzi respublika ərazisindəki mövcud beynəlxalq hava limanlarından nisbətən uzaqda yerləşsə də, Soçinin "Krasnaya Polyana" kurortu ilə rəqabət apara biləcək gücdədir.

Məqalədə qeyd olunur ki, Şahdağda istirahət edənlər üçün trekkingdən əlavə seqvey, bob-kart, kvadrosikl, trottinet, ziplayn, atla gəzinti kimi çoxsaylı yay əyləncələri də mövcuddur.

Dünyanın ən böyük turizm axtarış saytı sayılan “Booking.com”da isə Qəbələ rayonundaTufandağ” Qış-Yay Turizm Kompleksi ərazisindəki “Qafqaz Tufandag Mountain Hoteli bölgədə ən yaxşı hotel seçilib. Booking.com istifadəçilərinin rəyinə əsasən, hotel reytinqdə mümkün olan 10 baldan 9.1 bal toplayıb.

Obyektin əsas üstünlüyü kimi yerləşdiyi məkan qeyd olunub. Hotel Dəmiraparançay sahilində, Qafqaz sıra dağlarının ətəyində yerləşir. Saytda sıx meşələrin əhatəsində olan Qəbələ “zümrüd şəhər” adlandırılıb. Qeyd olunur ki, Qəbələdə beynəlxalq aeroport mövcuddur və Bakıdan oraya yetişmək üçün yarım saat vaxt tələb olunur.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.9.