Ölkəmiz Qafqaz Caz Festivalında təmsil olunub
Gürcüstanda ənənəvi Qafqaz Caz Festivalı keçirilib. Yeddinci dəfə gerçəkləşən festivalın builki qonaqları Qafqaz ölkələri ilə yanaşı, ABŞ, İran, Türkiyənin gənc caz musiqiçiləri olub.
Festivalda Gürcüstanı “Kanudosi”, “Hulement”, “Stumrebi” qrupları, Azərbaycanı “J.E.F. Experiment” triosu, Türkiyəni bəstəkar və pianoçu Tuluq Tırpanın kvarteti təmsil edib. İştirakçılar sırasında İranı təmsil edən “Arte Music Group” heyətini görmək olduqca xüsusi maraq doğurub.
Festivala müxbir kimi xüsusi dəvət almış caz tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Turan Məmmədəliyeva musiqi bayramı barədə fikrini bölüşüb.
Onun sözlərinə
görə, Qafqaz Caz
Festivalı qeyri-kommersiya səciyyəli
layihədir və hər il keçirilmə
forması dəyişir. Bu
il festival geniş miqyas alan tədbirləri ilə əlamətdar oldu. Festival konsertlərindən
əlavə, cem-seyşn
gecələri, qədim
Axaltsixe bölgəsində
yerləşən Rabat qəsri
ətrafında təntənəli
konsert keçirildi.
Festivalın əhəmiyyətini artıran daha bir müsbət cəhət - ABŞ-dan gəlmiş Ceymi Ebersoldun caz məktəbinin nümayəndələri
- saksafonçu Maykl Treysi və gitaraçı Kreyq Vaqnerin iştirakı ilə keçirilən ustad dərsləri idi.
Konsertlərdə Azərbaycanı təmsil
edən “J.E.F. Experiment” triosu
uğurla çıxış
edib, xalq mahnılarını və
Rafiq Babayevin əsərləri əsasında
hazırlanmış kompozisiyaları
ifa edib.
T.Məmmədəliyeva deyib
ki, festival çərçivəsində
yazıçı, publisist, caz haqda romanların müəllifi
Zurab Karumidzenin
müxtəlif ölkələrin müxbirlərinin
iştirakı ilə keçirdiyi dəyirmi
masa da maraqlı olub.
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.10.