“İndi özümdən
öyrənirəm”
“Orkestrimizin repertuarında Azərbaycan bəstəkarlarına yer ayırırıq. Çalışıram ki, bütün ünlü bəstəkarlarımızın əsərlərini səsləndirək”
Azərbaycanın Xalq artisti, məşhur dirijor, qardaş Türkiyədə yaşayan soydaşımız Ramiz Məlikaslanovla bugünlərdə Bakıda görüşdük. O, 1994-cü ildən İstanbul Universitetinin Dövlət Konservatoriyasında çalışır, indi orada kafedra müdiridir. Dərslər başa çatdığına görə o, sentyabra qədər Bakıda qalmağı düşünür.
- Ramiz bəy, siz Azərbaycan Xalq Cümhuriyyətində nazir olmuş Xudadat bəy Məlikaslanovun nəvəsisiniz. Babanızla bağlı hansı xatirələri eşitmisiniz?
- Babam 1935-ci ildə repressiya qurbanı olub. Nənəm dünyasını dəyişəndə 23 yaşım vardı, yəni yetkin idim. O, mənə babamla bağlı çox şeylər danışmışdı. Babam Sankt-Peterburqda təhsil almışdı. Cümhuriyyət hökumətində dəmir yolları, poçt və teleqraf naziri işləmişdi.
Onu da deyim ki, ailəmizdə bir nəfər də olsun
musiqiçi olmayıb. Atam neft üzrə mütəxəssis, professor idi. Anam Tibb
Universitetində biokimyadan
dərs deyirdi. Təkcə mən musiqini seçdim. Musiqiyə violonçellə başladım. İlk müəllimim
Sabir Əliyev olub. Konservatoriyada oxuyanda Mstislav
Rostropoviçdən dərs
almışam. Konservatoriyada
təhsilimi bitirəndən
bir il
sonra 1966-cı ildə
Sankt-Peterburqa ali təhsil almağa getdim. Dirijorluq üzrə iki
yerə qarşı
73 namizəd sənəd
vermişdi, məni qəbul etdilər. 1970-ci ildə Azərbaycan
Dövlət Opera və
Balet Teatrına assistent dirijor kimi praktikaya gəlmişdim.
- Gənc yaşlarınızda
Azərbaycan Dövlət
Radio və Televiziyasının
simfonik orkestrinin baş dirijoru olmusunuz...
- Həmin vaxt televiziyanın simfonik orkestri qurulurdu. Məni oraya baş dirijor təyin etdilər. 28 yaşım vardı, Sovetlər birliyində ən gənc baş dirijor idim. Birdən-birə geniş məkana
çıxdım, özümü
ifadə etmək imkanı tapdım. 1971-ci ildə SSRİ üzrə dirijorlar arasında keçirilən
yarışmada diploma layiq
görüldüm. Müəyyən
fasilələrlə 20 il televiziyada çalışdım.
- Sonrakı fəaliyyətiniz
Qahirə Konservatoriyası
ilə bağlıdır.
- Elədir, 1977-1979-cu illərdə
Misirdə çalışdım.
Misir orkestri ilə bütün dünyanı
gəzdim, konsertlər
verdim. Sonra vətənə döndüm, 1988-ci ilə
kimi Azərbaycan Televiziyasında işlədim.
- İraq Milli Simfonik Orkestrinin də baş dirijoru olmusunuz...
- 1988-ci ildən 1990-cı ilədək
dəvətlə bu ölkədə çalışdım.
Orada orkestri yenidən qurdum, müxtəlif ölkələrdə konsertlər
verdik. 1990-cı ildə
orada ara
qarışmışdı, dünyanın pis vaxtları idi. Məni Bakıya - konservatoriyaya (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə çağırdılar,
kafedra müdiri oldum. Həm də Qara Qarayev
adına Dövlət Kamera Orkestrinin baş dirijoru idim. 1994-cü
ilə qədər burada çalışdım.
- O vaxtdan Türkiyədə çalışırsınız. Orada işləriniz necə gedir?
- 22 ildir qardaş Türkiyədəyəm. İlk olaraq
məni Ankara Opera və
Balet Teatrına çağırdılar, bir
müddət orada işlədim. Oradakı durumu
bəyənmədim, Bakıya
qayıtmaq istəyirdim.
Bu arada İstanbul
Universitetinin Dövlət
Konservatoriyası məni
işə çağırdı.
Bugünə kimi orada çalışıram, kafedra
müdiriyəm.
- Türkiyədə simfonik
musiqiyə münasibət
necədir?
- Mənim rəhbərlik etdiyim kollektiv dünyada ən yaxşı gənc orkestrlərdən biridir. Bu orkestrlə dünyanın
hər yerinə getmişik, çoxlu mükafatlar qazanmışıq.
Ən böyük uğurumuz Bethoven festivalında birinci yeri tutmağımız
oldu. Kinoda Oskar nədirsə, musiqidə də Bethoven festivalı odur. Bu festival hər
il keçirilir.
Biz sonuncu dəfə
2013-cü ildə orada
iştirak etmişik.
- Azərbaycan bəstəkarlarının
əsərləri repertuarınızda
varmı?
- Var, onlarsız olmaz. Çalışıram ki, bütün
ünlü bəstəkarlarımızın
əsərlərini səsləndirək.
Bu yaxında İstanbulda
Fikrət Əmirovun “Nizami” simfoniyasını ifa etdik, gözəl
alındı.
- Türkiyə vətəndaşlığınız
varmı?
- Konservatoriyanın müdiri
iki dəfə vətəndaşlığı qəbul etməyimi istəyib. Mən istəməmişəm. Belə yaxşıdır. Hər
il müqaviləm
yenilənir. Maaşım kənardan gələn
mütəxəssislər arasında
ən yüksəkdir.
Vətəndaş olsam,
pensiyama bir az yaxşı
təsir edər. İndi tətilə çıxmışam,
sentyabra qədər buradayam. Mən həyat yoldaşımla
orada yaşayıram, övladlarım buradadırlar.
- Ailədə ardıcıllarınız
varmı?
- Uşaqlarımın ikisi də musiqi məktəbini bitiriblər,
ancaq sonradan başqa sənət seçdilər. Biri diplomat, o birisi isə
bankda çalışır.
Həm də sevinirəm ki, onlar musiqiçi
olmadılar. Bu, çox ağır sənətdir.
22 il öncə
Türkiyəyə gedəndə
ora Azərbaycanın
70-ci illərini xatırladırdı.
Bu müddətdə Türkiyə çox irəli gedib. Türkiyədə klassik musiqi
də çox inkişaf edib. Onların ən ünlü bəstəkarları Adnan
Sayqun və Ferid Düzün olub. Onların ilk bəstəkarları Avropada təhsil almışdılar. Yeni, yaxşı
bəstəkarlar da yetişib.
- Türkiyədə bizimkilərə
yenə ehtiyac varmı?
- Müstəqilliyin ilk illərində
müxtəlif sahələrdə
azərbaycanlılar Türkiyəyə
getdilər. Qabaqlar onlar bizimkiləri
dərindən tanımırdılar.
İndi öz mütəxəssisləri
olduğu halda bizimkiləri geri yollayırlar. Qarşıdakı illərdə Azərbaycan
Türkiyədən mütəxəssislər
çağıracaq.
- Kollektivlə necə yola gedirsiniz?
- İnanın, mənim kimi yumşaq adam dünyada
yoxdur, ancaq orkestrdə hər kəs məndən çəkinir. Məni başa düşməyənlər
də olur. İstədiyimi onlardan almaq
istəyirəm. Çalışıram ki, əsəri eynilə bəstəkar kimi düşünüm,
çatdırım. Partiturada hər
şey yazılır.
Bununla belə bəstəkar həmişə əsərin
yüzdə yetmişini
yazır, qalan otuzunu mən yaradıram. Əsəri yüzdə
yüz yazan bəstəkar olmur.
- Bu gün dünya dirijorluq sənətini izləyirsinizmi?
- Əvvəllər öyrəndiyim insanlar, sənətkarlar vardı. İndi onlar mənim üçün keçilmiş mərhələdir. İndi özümdən öyrənirəm. Məni müxtəlif ölkələrə ustad dərsləri keçmək üçün çağırırlar. 2002-2008-ci illərdə Makedoniyaya bu məqsədlə gedib-gəlirdim.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 24 iyun.-
S.13.