Azərbaycan rənglərinin Budapeştə səyahəti

 

 

İyunun 20-də Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” layihəsi çərçivəsində reallaşıb.

Budapeştin mərkəzindəki “Heliahotelinin foyesində təşkil olunan sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunur.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev belə tədbirlərin iki ölkə və xalq arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib, gənc rəssamlarımızın əsərlərinin Avropanın mədəniyyət paytaxtlarından olan Budapeştdə sərgilənməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb.

Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva nümayiş olunan rəsmlərin məziyyətlərindən danışıb, “Qarabağ atları”, “Xudafərin körpüsü” tabloları, eləcə də Nizaminin, Natəvanın və Üzeyir Hacıbəylinin portretləri və bu şəxsiyyətlərin Azərbaycan tarixində yerindən söhbət açıb.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin məramından bəhs edib, qonaqları Azərbaycan mədəniyyəti və incəsənəti ilə, eləcə də sərgidə təqdim olunan kitabbroşürlar vasitəsilə bütövlükdə ölkəmizlə yaxından tanış olmağa çağırıb.

Gənc rəssam Şəhla Qəhrəmanlı, gənc rəssam Nərminə Vəliyevanın anası Yeganə Vəliyeva çıxış edərək qonaqları salamlayıblar.

Sonda Macarıstanda təhsil alan soydaşımız Əziz Əbilzadə gitaranın müşayiəti ilə “Sarı gəlin” xalq mahnısı və bir neçə vətənpərvərlik mahnısını ifa edib.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, o cümlədən mədəniyyətimiz və musiqimiz, tariximiz, Xocalı faciəsi ilə bağlı kitabfotoalbomlarla da maraqla tanış olublar.

Mərasimdə Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı, ABŞ-ın və Pakistanın Macarıstandakı səfirliyinin əməkdaşları, Budapeştdə yaşayan soydaşlarımız, bu ölkənin incəsənət xadimləri və sadə vətəndaşları, eləcə də müxtəlif ölkələrdən “Helia” hotelində qonaq olan insanlar iştirak edib. İştirakçılara Bakıdan aparılan milli şirniyyat nümunələri təqdim olunub. Sərgi barədə yerli mətbuat, Budapeştdə fəaliyyət göstərən I.TV kanalı xəbərlər yayıb.

 

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.16.