Gənc rəssamın “Yasəmən” sərgisi
İyunun 21-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Əfşan Əsədovanın “Yasəmən” adlı fərdi sərgisinin açılışı olub. Sərgidə rəssamlar və sənətsevərlər iştirak ediblər. Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.
ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov Əfşanın televiziya rəssamı Rafael Əsədovun ailəsində böyüdüyünü, ardıcıl olaraq valideynlərindən sənətin sirlərini öyrəndiyini bildirib. Vurğulayıb ki, Əsədovlar ailəsinin dörd üzvünün hər biri rəssamdır.
Qeyd olunub ki, sərgidə gənc rəssamın batika və akvarel janrlarında 40-a yaxın əsəri nümayiş etdirilir. Rəssamın bir neçə əsəri də yasəmən çiçəyinə həsr olunub. Görünür, sərginin adı da buradan qaynaqlanır. Həm janr müxtəlifliyi, həm də işlənmə texnikası ilə maraq doğuran sənət əsərləri zəngin dünyagörüşün və gərgin əməyin bəhrəsidir.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev ölkədə bu gün rəssamlığın bir çox hallarda hobbi səviyyəsinə endiyini söyləyib, sənətin nüfuzunu yüksəltmək üçün belə sərgilərin keçirilməsinə gərək duyulduğunu dilə gətirib.
Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev sərgini yeni nəsil rəssamlığımızın gözəl örnəklərindən biri adlandırıb.
Gənc rəssam Əfşan Əsədova sərgiyə gələnlərə minnətdarlığını bildirib. Sonda sənətsevərlər sərgi ilə yaxından tanış olublar.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 24 iyun.- S.16.