Turizm tədrisi ilə bağlı ali məktəblərlə əməkdaşlıq
davam edir
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələrinin görüşü keçirilib. Görüş universitet tələbələri tərəfindən turizm mövzusunda həyata keçirilən layihə və tədqiqatlara həsr olunub.
Tədbirdə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin dekanı, dosent Asiman Quliyev, Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının müdiri, professor Əli Əlirzayev iştirak edib.
Görüşdə turizm sektorunun inkişafına göstərilən dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən çoxsaylı layihələrlə bağlı hesabat təqdim edilib. Turizm sektorunun inkişaf etdirilməsi və dəstəklənməsi üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə İşçi qrupunun yaradılması, həmçinin turizm sahəsində təhsil alan gənclərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi təklif olunub.
Universitetdə təhsil alan
tələbələrin turizm üzrə
araşdırmalara cəlb olunması və tələbələrə
turizm sahəsində praktiki
dərslərin keçirilməsinə köməkliyin
göstərilməsi xüsusi olaraq vurğulanıb.
Mədəniyyət.- 2016.- 29 iyun.- S.7.