“Multikultural dəyərləri
yaşadaq”
“Multikulturalizm ili” çərçivəsində Xaçmazda beynəlxalq festival
keçirildi
İyunun 24-də Xaçmaz şəhərində
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon
Mədəniyyət və Turizm
şöbəsinin təşkilatçılığı ilə
“Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival
keçirildi. “Multikulturalizm
ili” çərçivəsində
təşkil olunan
festival “Multikulturalizmin alternativi
yoxdur” şüarı
altında gerçəkləşdi.
Duz-çörəkli, qonaqpərvər
Xaçmaz
Əvvəlcə tədbir iştirakçıları
Xaçmaz şəhərində
ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri
qoydular. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, tədbirə qatılan xarici ölkələrin nümayəndələri
abidənin yaxınlığında
inşa edilən Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Sonra Xaçmaz
Şəhər Tarix-Diyarşünaslıq
Muzeyinin qarşısında
qonaqları milli azlıqların nümayəndələri
öz milli geyimlərində duz-çörəklə
qarşıladılar. Tədbir
iştirakçıları şəhərin mədəniyyət
və istirahət parkında ölkəmizdə
yaşayan milli azlıqların mədəniyyətini
əks etdirən sərgi ilə tanış oldular. Burada “Azərbaycan - dünya
multikulturalizminin ünvanlarından
biri” başlığı
altında 10-dan artıq
rayonun uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin 100-dən çox rəsmi nümayiş olunurdu.
Ölkəmizdə yaşayan
milli azlıqların mədəniyyətini əks
etdirən tətbiqi sənət nümunələrindən
ibarət sərgi, kitab və kulinariya
sərgiləri, folklor
musiqisindən ibarət
“Bizim vətənimiz Azərbaycandır” adlı
konsert proqramı, pəhləvanların öz
bacarıqlarını nümayiş
etdirmələri festival iştirakçıları
tərəfindən böyük
maraqla qarşılandı.
“Azərbaycan multikultural ənənələri ilə
digər ölkələr
üçün nümunədir”
Sonra Tarix-Diyarşünaslıq
muzeyinin media zalında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev və rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev
mətbuat nümayəndələri
üçün brifinq
keçirdilər.
Nazir “Multikulturalizm
ili” çərçivəsində
tədbirlərin Bakı
ilə yanaşı, regionlarda da təşkilindən məmnunluğunu
ifadə etdi, festivalın keçirilməsində
yaxından iştirakına
görə rayon İcra
Hakimiyyətinə və
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzə təşəkkürünü
bildirdi. Qeyd olundu ki, ölkəmizdə akkreditə
olunmuş səfirliklərin
nümayəndələrinin, xarici qonaqların iştirakı ilə keçirilən tədbirə
“Gənc mədəniyyət
işçilərinin koordinasiya
kreativ qrupu” üzvlərinin də qoşulması sevindirici haldır.
Əbülfəs Qarayev 1996-cı ildə
ilk dəfə keçirilən
Gənclər Forumunu yada salaraq ulu
öndər Heydər
Əliyevin həmin tədbirdə dediyi “Mən arzu edirəm
ki, Azərbaycan gəncləri Nizamini, Füzulini azərbaycanca, Şekspiri ingiliscə, ərəb şairlərini
də ərəbcə
oxusunlar” sözlərini
xatırlatdı. Bildirdi ki, bu fikir gəncləri mədəniyyətlərarası dialoqa yönəldir.
Heydər Əliyev Fondunun “Multikulturalizm ili” çərçivəsində həyata keçirdiyi irimiqyaslı tədbirlərin
əhəmiyyətindən də söz açan nazir vurğuladı ki, Azərbaycan mədəniyyəti
Azərbaycan xalqının
sərvətidir və
bu sərvətə ölkəmizdəki milli azlıqların nümayəndələrinin
bəxş etdiyi rəngarənglik bu mirası daha da zənginləşdirir. Azərbaycanın multikultural ənənələrə
sadiqliyi digər ölkələr üçün
nümunədir.
Multikulturalizm festivalının davamlı
olacağına əminliyini
ifadə edən Əbülfəs Qarayev festivalın kubokunu rayon İcra Hakimiyyətinin başçısına təqdim
etdi. 2017-ci ildə Qubada təşkil olunacaq növbəti festivalın rəmzi açarı bu rayonun Mədəniyyət
və Turizm şöbəsinin müdirinə
təqdim edildi.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayev çıxış
edərək festivala
39 rayondan mədəniyyət
işçilərinin qatıldığını,
milli azlıqların nümayəndələrinin sevinc
və həvəslə
bu tədbirə öz töhfələrini
verdiklərini bildirdi. İcra başçısı
Mədəniyyət və
Turizm Nazirliyinin bölgələrdə dinamik
fəaliyyətini yüksək
qiymətləndirdi.
* * *
Tədbir
çərçivəsində İstanbul Böyükşəhər
Bələdiyyəsinin mədəniyyət
dərnəyi ilə Xaçmaz Rayon Mədəniyyət
Mərkəzi arasında,
həmçinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik
Mərkəzlə Belarus Respublikası
Xalq Sənətləri
və Mədəni Maarifləndirmə İşləri
üzrə Metodiki Mərkəz arasında əməkdaşlığa dair
memorandumlar imzalandı.
Sonra multikulturalizm
ənənələrini dövri
mətbuatda təbliğ
edən KİV nümayəndələrinin
mükafatlandırma mərasimi
oldu. İcra başçısı və nazir Əbülfəs
Qarayev mükafatları
sahiblərinə təqdim
etdilər. Mükafata layiq
görülənlər arasında
“Mədəniyyət” qəzeti
də var.
Daha sonra
festival “Multikulturalizmin alternativi
yoxdur” mövzusunda elmi-praktik konfransla davam etdi.
Nazir Əbülfəs
Qarayev konfransı açaraq tədbirin əhəmiyyətini vurğuladı. Şəmsəddin Xanbabayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Səyavuş Heydərov çıxış edərək
bu kimi tədbirlərin
ölkəmizdəki multikultural
mühitə töhfə
verdiyini bildirdilər.
Konfransda
mövzu ilə bağlı məruzələr
dinlənildi.
Təəssüratlar...
Festivalda iştirak edən müxtəlif ölkələrin
nümayəndələrinin tədbirlə bağlı
təəssüratlarını öyrəndik.
Belarus Respublikasının Xalq Sənətləri və Mədəni Maarifləndirmə
İşləri üzrə
Metodiki Mərkəzinin
rəhbəri Oleq Xmelkov festivalda iştirakından məmnunluğunu
bildirdi: “Azərbaycanda
müxtəlif xalqların
adət-ənənələrinin bu qədər zəngin olmasından xəbərsiz idim. Bu gün mən,
sözün əsl mənasında, təəccübləndim.
Milli azlıqların interaktiv şəkildə öz musiqi və folklorlarını nümayiş
etdirməsi çox xoşuma gəldi. Gələcəkdə bu təcrübədən
öz işimdə də yararlanmağı nəzərdə tuturam”.
İstanbul Böyükşəhər Bələdiyyəsi mədəniyyət
dərnəyinin üzvü,
koordinator Turqay Kılıç da festivaldan razı qaldığını dedi:
“Bir xalqın bütöv olması üçün multikultural
dəyərlərin qorunması
mühüm şərtdir.
Müxtəlif milli azlıqların
öz mədəniyyətlərini
paylaşması böyük
bir mədəniyyət
bayramıdır”.
Qazaxıstan Milli İncəsənət
Universitetinin əməkdaşları,
Rusiyanın ölkəmizdəki
səfirliyinin mədəniyyət
işləri üzrə
attaşesi festivalın
yüksək səviyyədə
təşkilindən, multikultural
dəyərlərin qorunmasında
Azərbaycan təcrübəsinin
tətbiqinin vacibliyindən
söz açdılar.
* * *
Yol boyu müxtəlif millətlərin
nümayəndələrinin səmimi ünsiyyətinin
yaratdığı ortam
da özlüyündə
multikultural nümunə
idi. Elmi-Metodik Mərkəzin əməkdaşı
Zəbulla Quliyevin oxuduğu folklor parçalarına qonaqların
öz folklor nümunələrini əlavə
etməsi hər kəsdə xoş ovqat yaradırdı.
Tədbir müddətində mənim
üçün ən
maraqlı məqamlardan
biri də türkiyəli qonaqların
Azərbaycan xalq mahnılarını əzbərdən,
sevə-sevə ifa etmələri, hətta unutduğumuz folklor nümunələrini belə
bizə xatırlatmaları
idi. Beləcə, sözlü-nəğməli,
sənət zənginlikləri
ilə dolu bir festival tarixə qovuşdu.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 29 iyun.- S.8.