“Xudafərin” - 11 ilin söz körpüsü
“Dərgi Güney Azərbaycanda gənc şair və yazıçılar üçün əsl məktəbə çevrildi”
Güney Azərbaycanda soydaşlarımız tərəfindən bir sıra ədəbi-mədəni dərgi və qəzetlər nəşr edilir. Onlardan biri də 11 ildən bəri uğurla fəaliyyət göstərən “Xudafərin” dərgisidir. Bugünlərdə Bakıda olan dərginin təsisçisi və baş redaktoru, doktor Hüseyn Şərqi Dərəcək Soytürklə söhbət etdim.
- Hüseyn bəy, haçandan “Xudafərin” jurnalını çıxarmaq istəyinə düşdünüz?
- Bu ideya
məndə tələbəlik vaxtı - 90-cı illərdə
baş qaldırdı. Həm türkcə,
həm də farsca dərgi
çıxarmaq istəyirdim ki, orada bir xalq
kimi özümüzü
tanıya və tanıda bilək. Sənədləri
toplayıb aidiyyəti dövlət qurumuna
təqdim etdim, sonra
illərlə gözləyəsi oldum. 7
ildən sonra “Xudafərin” dərgisinin nəşrinə
icazə verildi. Əsas problemlər icazədən
sonra başladı. Birincisi o idi ki, ana dilində
əməlli-başlı yazanlar
yox idi. Redaksiyaya türkcəmizdə
bir yazı gəlirdi, o qədər bərbad olurdu ki, oturub yenidən
özüm yazmalı
olurdum. Bütün qəzetçilərin çəkdikləri əzabları
çəkmişik. Başlayanda pulumuz
yox idi, ona görə elə dərgi çıxarmalı idik ki, satılsın.
- İlk sayınızı
necə xatırlayırsınız? Tirajınız nə qədər idi?
-11 il bundan
öncə ayda bir dəfə olmaqla 10 min tirajla oxucularla ilk görüşə
gəldik. Yaxşı reklamlarımız oldu, tirajın yarıdan çoxu satılırdı. Satışdan qayıdanları məktəblərə
pulsuz verirdim. O zaman İranda Cavad Heyətin “Varlıq” dərgisi çıxırdı. Bizim o birilərdən
fərqimiz kitab kimi yox, dərgi
biçimində çıxmağımız
idi. Ona görə reklamlar
cəlb edə bildik, diqqət mərkəzinə gəldik.
“Xudafərin” gənc
şair və yazıçılar üçün
əsl məktəbə
çevrildi. Onları topluma tanıtdıq.
Dərgimiz türkcə və
farscadır. Elə olur
ki, yazılarımızın
çoxu türkcə
olur. Farsca da yazılar
veririk. Farsca olan yazılar
da Azərbaycan mədəniyyəti, ədəbiyyatı
ilə bağlı olur. “Xudafərin”in
saytı da var, üstəlik, müxtəlif sosial şəbəkələrdə yaxşı yayılır
və oxunur.
- Hazırda vəziyyət necədir? Dərgi özünü dolandıra
bilirmi?
- İndi ayda 5
min tirajla çıxırıq. Satışımız azalıb. Məncə, satış baxımından
hər yerdə mətbuatın durumu ürəkaçan deyil.
Buna baxmayaraq öz
işimizi görürük.
11 ildə 130-dan çox sayımız çıxıb. Mən
“Xudafərin”in saylarını
ensiklopediya adlandırıram.
Orada xalqımızın folkloru,
ədəbiyyatı, tarixi
və başqa sahələrlə bağlı
çox dəyərli
yazılar, məqalələr
var.
- Quzey Azərbaycandan
yazılar göndərirlərmi?
- Dərgimizdə Azərbaycanın
hər iki tayından olan müəlliflərin yazıları
yer alır. Amalımız soydaşlarımız arasında
mənəvi birlik yaratmaqdır. Dərgini açanda
rəsmilərə dedik
ki, bizim dilimizdən, mədəniyyətimizdən
qorxmamaq gərəkdir.
Bizim işimiz sevgi, barış yaratmaqdır.
11 il belə
fəaliyyət göstərmişik.
Bundan sonra da belə
olacaq. Təkcə “Xudafərin”dəki folklor örnəklərindən
cildlərlə kitab bağlamaq olar. Ən böyük işimiz xalqımızın varlığını
yaşatmaqdır. Bizdən sonra
da orada dərgilər çıxıb,
hamısına yardımçı
olmuş, yol göstərmişik. Öz dilində
yazıb-oxuya bilən
jurnalistlər yetişdirmişik.
Məsələn, tanınmış imzalardan Qənbər Seyfi “Xudafərin”lə əməkdaşlığa başlayanda
türkcə yazıb-oxumağı
bilmirdi. İndi böyük
işlər görür,
xalqımızın folklorunu
toplayır, kitab halına salır.
- Güneydə ədəbiyyatımızın
çağdaş durumu
necədir?
- Güneydə güclü
ədəbiyyat həmişə
olub, indi də var. Çağdaş
ədəbiyyatımız Şəhriyardan
başlayıb, indi də layiqincə davam edir. Dilimizdə çoxlu
kitablar çıxır.
Təkcə mən 200-ə yaxın
kitab çıxarmışam.
Bunlar öz yaradıcılığım,
tərcümə və
tərtib etdiyim kitablardır. Özüm nəsrlə
məşğulam.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 29 iyun.- S.11.