Azərbaycan xalçaları Bolqarıstanda festivalda nümayiş etdirilib

 

 

Bolqarıstanın Kotel şəhərində “Xalçaların yolu” adlı festival keçirilib. Festivalda Azərbaycanın Bolqarıstandakı səfirliyi Bakı və Quba xalçaçılıq məktəblərinin müxtəlif nümunələrini nümayiş etdirib.

Festivalın təşkilatçılarından olan “Trakiyalıların yoluFondunun sədri Diana Kasmetska bu kimi tədbirlərin müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirdiyini, mədəni mübadilə üçün şərait yaratdığını deyib. O, festivalda Azərbaycan, İran, Macarıstan, Meksika, Bolqarıstan xalçalarının nümayiş olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı Elmar Ağasıyev ölkəmizin xalça istehsalına görə dünyada özünəməxsusluğu ilə seçilməsindən, xalçaların insanların inanclarını, dünyagörüşlərini əks etdirməklə yanaşı, həm də məişətdə dekorativ əşya kimi istifadə olunmasından söz açıb. Səfirliyin əməkdaşı ornamentlərinə, toxunma üsullarına və mövzularına görə Azərbaycan xalçalarının Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinə bölündüyünü diqqətə çatdırıb. Diplomat Azərbaycan xalçaçılıq sənəti nümunələrinin Avropa, ABŞ və Rusiyanın muzeylərində nümayiş olunduğunu, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini vurğulayıb.

Sonra tədbir iştirakçıları Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri ilə tanış olublar. Azərbaycan xalçaları iştirakçılarda böyük maraq doğurub.

Festival boyu Bolqarıstan milli rəqslərindən ibarət konsert təşkil olunub və ölkənin milli mətbəxinin nümunələri nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.16.