Ankarada qədim Roma
izləri
Ankaranın qədim
şəhər mədəniyyətinin izləri
eramızın əvvəllərinə gedib
çıxır. Şəhərdəki qədim Roma tarixinin izləri də
bunun nümunəsidir. Onlardan
biri qədim Roma
hamamıdır. Ulus meydanından
İldırım Bəyazid meydanına uzanan
yol üzərində, geniş
yayla üzərində yer
alan hamam binası
1939-1943-cü illər arasında qazıntılar zamanı ortaya çıxıb. Türkiyə
paytaxtına gələn bütün
turistlər mütləq bu yerə baş çəkirlər. Çünki
Roma dövrü
memarlıq tarixini araşdıranlar bu nümunənin klassik bir əyalət şəhərinin hamam tikintisindən fərqli, imperatorluq
tərzində inşa olunmuş
hamam olduğunu
vurğulayırlar. Üstəlik, bu,
Anadoluda tapılan ən böyük
Roma hamamıdır.
Ərazidə aparılan
genişmiqyaslı qazıntılar nəticəsində ortaya çıxan tikili
açıq hava muzeyi
kimi turistlərin ziyarətinə
açılıb. Ərazinin müəyyən hissəsi aşkar edilsə də, digər qismində,
xüsusilə də hamamlar olan hissəsində hələ ki, arxeoloji
qazıntılar başa
çatdırılmayıb. Burada Roma dövrünə
aid olan bölmələr
var: Roma hamamı, palaestra və sütunlu yol.
Beləliklə, üç bölmədən
ibarət olan, 65 min kvadratmetr ərazini əhatə edən bu sahə 1997-2001-ci illər arasında yenidən açıq hava muzeyinə çevrilib. Hazırda burada 1000-ə qədər
əsər nümayiş
etdirilməkdədir. Bunlar
məzar stelləri, postamentlər və su bəndləri, mehrab və s. memarlıq nümunələridir.
Geniş
bir ərazinin mərkəzində aslan heykəlləri də sərgilənməkdədir. Ərazidəki məzarüstü yazılar xüsusilə diqqət çəkir.
Bunların əksəriyyəti Roma və Bizans dövrlərinə aiddir və çoxu günümüzdə tərcümə
edilib. Hamamın ərazisindəki daş kitabələr dövrün iqtisadi, sosial, mədəni və idarəetmə quruluşu və idman tədbirləri ilə bağlı məlumat almaq baxımından çox faydalıdır.
Deyilənlərə görə, ötən əsrin 20-ci illərində
Çankırı küçəsi
tikilərkən sütunlu
yolun böyük bir hissəsi küçənin və onun ətrafındakı tikililərin altında qalaraq yox olub. Bizim eranın
II-III əsrləri arasında
tikilməsi güman edilən bu yolun sütunları boz rəngli mərmərdən olmaqla kornif tipli başlıqlardan
ibarətdir. Bu sütunların hər iki tərəfində tikili qalıqları tapılıb. Tikililərin tapıldığı bölgədə
Bizans və Roma dönəminə aid pullar
da aşkarlanıb.
Burada tapılan bəzi nümunələr (bişmiş
torpaqdan hazırlanmış
insan fiqurları, sümükdən hazırlanan
bəzəkli at qoşqu
ləvazimatı və
s.) Anadolu Mədəniyyətləri Muzeyində sərgilənir.
İdman
sahəsi adlanan yer isə qədim
zamanlarda “Gimnaziya”nın bir hissəsi olub. Bu açıq sahənin
həm də “Güləş məktəbi”
adlandırılması burada
idman yarışlarının
keçirilməsi ilə
əlaqədardır.
Bu memarlıq abidəsini
bir sıra vasitələrlə öyrənmək
mümkündür. Məsələn, adətə-ənənəyə görə, hamama gələnlər, onun pulsuz olmasına rəğmən hamam kənarındakı kanallara
sikkə atardılar.
Həmin pulların üzərindəki yazıları
oxumaqla tikilinin hansı dövrə aid olduğu və neçə il
boyunca istifadə edildiyi bəlli olur. Uzunluğu 130 metr, eni
80 metr olan hamama su 60 km uzaqda olan Alma dağından daş borularla gətirilmiş və su hamamla
bilikdə şəhərin
bütün küçələrinə
verilirmiş.
Hamamın inşaat üslubu, istifadə edilən texnika dövrün yüksək tikinti peşəkarlığından xəbər verir. Hamamın ətrafında
ocaqdan gələn isti havanın rahatca gəzdiyi sütunlardan ibarət yeraltı isitmə təsisatı olub, habelə su anbarı olub.
VII əsrdə baş
verən yanğın
nəticəsində tikilinin
tarixi təhrif olunsa da, arxeoloji
qazıntılar nəticəsində
tapılan pullar onun 500 ilə yaxın istifadə olunduğunu göstərir.
Bu gün Ankaranın
mərkəzində tarixə
qovuşaraq açıq
hava altında muzeyə çevrilən bu məkan o qədər böyükdür
ki, onu ziyarət
etdikdən sonra istər-istəməz yorulursan. Elə bunu nəzərə alan muzey
rəhbərliyi tərəfindən
ziyarətçilərin dincəlməsi,
yorğunluqlarını bir
qədər çıxarmaları
üçün giriş
tərəfdə stullar
da qoyulub. Muzeydən ayrılarkən,
belə bir qənaətə gəlirsən:
zaman ayırıb bu məkanı gəzməyə, görməyə
dəyər. Hündür
ərazidə qərar
tutan bu məkanda özünü
sanki antik dövrdə hiss edirsən.
Muzeydən ayrıldıqda bu
hisslərin təsiri altında birdən-birə
özünü adamlarla,
maşınlarla dolu gurultulu küçədə
görmək insanda qəribə bir tarixi müqayisə, ziddiyyət yaradır.
Sanki iki min il
keçmişdən bu
günə qədəm
qoyursan...
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 2 mart.-
S. 15.