Şəbəkə sənəti: ənənədən müasirliyə

 

Bədii ənənələri hələ orta əsrlərdə formalaşanaz qala toxunulmaz-əlçatmaz meyara çevrilən el sənəti növlərinə müasir dövrdə əlavələrin edilməsi mümkünsüz görünsə də, yaradıcı təxəyyülü nəhayətsiz olan insanların yenilikçi cəhdləri təqdirəlayiq hadisədir. Təəssüf ki, sovet dövründə, “sosialist realizmi” bədii prinsipinin hökmranlıq etdiyi illərdə yeniliyə cəhdlər daha çox eklektik mahiyyət daşımışdır. Lakin klassik ənənəyə uğurlumüasir ruh verən sənətkarlarımız da az olmayıb. Respublikamızda şəbəkə üzrə ecazkar nümunələr müəllifi olan belə sənətkarlardan biri Şəkidə yaşayıb-yaradan Tofiq Rəsulovdur.

 

XVIII əsrdə inşa olunanbu günə kimi də əlçatmaz memarlıq və sənətkarlıq möcüzəsi sayılan Şəki Xan sarayının şəbəkələrinə XX əsrdə yeni həyat vermiş Əşrəf Rəsulovun (1928-1997) ailəsində dünyaya göz açan Tofiqin elə duya bildiyi ilk gözəllik qaynağı da atasının hazırladığı nümunələr olmuşdur, desək, yanılmarıq. Ata emalatxanasında aldığı sənət dərslərinin nəticəsiz qalmadığını onun 1985-ci ildən başlayaraq ərsəyə gətirdiyi müstəqil yaradıcılıq işləri də təsdiqləyir. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tofiq Rəsulovun sənətkarlığı respublikamızın hüdudlarını aşaraq həm sənətkarın özünə, həm də milli incəsənətimizə şöhrət gətirib.

Forma-biçimi və rəng həlli ilə tamaşaçını heyrətləndirən şəbəkələrinin ən müxtəlif miqyaslı beynəlxalq sərgilərin diplom və mükafatlarına layiq görülməsi də onun yaradıcılıq axtarışlarının təqdiridir. Əsərlərinin Roma, Tiflis, Minsk və digər şəhərlərdəki müxtəlif tikililərinin interyerini bəzəməsi də azərbaycanlı sənətkarın yüksək ustalığına beynəlxalq marağın göstəricisidir. Tofiq Rəsulovun yaradıcılığının səciyyəvi və hamı üçün maraqlı görünən məziyyəti onun qədim şəbəkə ənənələrini təkmilləşdirməklə, ona yeni forma-biçim və məna-məzmun verməsidir. O, şəbəkəni ənənəvi qapı-pəncərə funksiyası çərçivəsindən çıxararaq, incə ağac hissələri ilə rəngli şüşə parçalarının vəhdətindən yaranan gözəllik nümunələrinə yeni bədii-texniki tutum bəxş etmişdir.

Tofiq Rəsulovun son illərdə ərsəyə gətirdiyi “Kürə”, “Nar”, “Xaç”, “Qəndil”, “Fənər”, “Piramida” və başqa formalı şəbəkə-əşyaların hər birində memar-rəssam fantaziyası ifadə olunduğundan, onlar tamaşaçılar tərəfindən yüksək sənətkarlıq-heyrət qaynağı kimi qəbul olunurlar. Onun 2014-cü ildə hazırladığı həndəsi naxışlı “Kürə” əsəri mütəxəssislər və ən tələbkar seyrçilər tərəfindən belə sənət möcüzəsi kimi dəyərləndirilmişdir. Sənətkar diametri 50 santimetr olan kürəni heç bir əlavə texniki müdaxilə-dayaq olmadan, yalnız ağac parçalarından əmələ gətirilmiş beş və altıbucaqlı formalardan yığmaqla bütöv şəbəkə forması şəklinə salmışdır. Yüksək bədii sənətkarlıq nümunəsi olan “Kürə”nin müxtəlif rəngli şüşələrinin daxili işıqlandırılma sayəsində ətrafına bəxş etdiyi gözəllik qeyri-adi dərəcədə duyğulandırıcıdır. Sənətkarın 2015-ci ildə Göyçayda keçirilən “Nar bayramı”nda nümayiş etdirdiyi nar-şəbəkə də böyük marağa səbəb olmuş və əsər rayon muzeyinin daimi ekspozisiyasına daxil edilmişdir.

Tofiq Rəsulovun 2002-2004-cü illərdə Şəki Xan sarayının, 2013-2014-cü illərdə isə Şəkixanovların evinin şəbəkələrini bərpa etməsi də ona göstərilən etimadla yanaşı, həm də bir vaxtlar atasının başladığı işin uğurla davam etdirilməsidir. Bu gün sənətkarın Şəkidəki emalatxanasında onunla birlikdə şəbəkə sənətinə sevgisini sərgiləyən iki oğlunun - İlqar və Vüqarın çalışması onun həm də qədim ənənənin layiqli davamçılarını yetişdirdiyini göstərir.

 

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 12.