Rusiyanın turizm şirkətləri rəhbərləri üçün infotur təşkil olunub

 

Rusiyalı telejurnalistlər ölkəmizdə çəkiliş aparıblar

 

Məlum olduğu kimi, 24 fevral tarixində Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilib. 2017-ci ilin fevral ayınadək “Tour A Vent” şirkəti tərəfindən ölkəmizlə bağlı turizm təbliğatı və təşviqatı həyata keçiriləcək.

Bunun nəticəsi olaraq, artıq şirkət tərəfindən Azərbaycana ilk infotur təşkil olunub. Fevralın 27-də başlanan infoturda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri iştirak edir.

14 nəfərlik heyətin martın 2-dək davam edəcək səfər proqramına Bakının tarixi və mədəni irs məkanlarına, İçərişəhərə, Yanardağ və Atəşgaha ekskursiyalar, habelə “ŞahdağTurizm Mərkəzi ilə tanışlıq daxildir.

Nümayəndəlik tərəfindən belə infotur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.

* * *

Bu arada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Rusiya Federasiyasının “Rossiya 1” və “Moya Planeta” telekanallarının nümayəndələrinin Azərbaycana səfəri təşkil edilib.

Səfərin təşkilində məqsəd respublikamızın turizm potensialını əks etdirən filmin istehsalı və sözügedən kanallarda yayımlanan “Aleksandr Pryanikovla dünya bazarı” telelayihəsi üçün çəkilişlərin aparılmasıdır. Rusiyalı telejurnalistlər martın 1-dək Bakının görməli yerlərində, milli mətbəx nümunələrini təklif edən restoranlarda, iri ticarət mərkəzlərində və digər məkanlarda olublar.

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 9.