Kulinarlarımız iki beynəlxalq yarışmadan 25 medalla qayıdıblar
Fevralın 29-da “Trend” mətbuat mərkəzində
Azərbaycan Milli Kulinariya
Mərkəzinin İstanbulda
keçirilən Beynəlxalq Mətbəx Günləri
və Malta Beynəlxalq Kulinariya
Çempionatında iştirakına həsr olunmuş
mətbuat konfransı keçirildi.
Milli Kulinariya
Mərkəzinin prezidenti, UNESCO-nun
Ənənəvi Qida Komitəsinin
sədri Tahir Əmiraslanov hər iki yarışma barədə məlumat verdi.
Bildirdi ki, fevralın 10-dan
16-dək İstanbulda 19-cu Beynəlxalq
Mətbəx Günləri keçirilib.
Tədbirdə ölkəmizi “Azərbaycan” və
“Naxçıvan” adı altında 2 komandamız təmsil edib. Eyni zamanda
kulinarlarımız 16 fərdi yarışda iştirak
ediblər. Komanda yarışlarında
“Azərbaycan” komandası bürünc,
“Naxçıvan” komandası isə “qara qutu” yarışmasında gümüş
medal qazanıb. Fərdi yarışlarda
isə kulinarlarımız bir
qızıl, 4 gümüş, 13 bürünc medala sahib olublar.
Yarışda Türkiyə, Koreya, Serbiya, Bolqarıstan, Makedoniya,
Pakistan, İran, Gürcüstan və digər
ölkələrin təmsilçiləri milli
mətbəx nümunələrini təqdim ediblər.
Ümumilikdə beynəlxalq tədbirə 14
ölkədən 1600 iştirakçı qatılıb.
Fevralın
16-dan 22-dək Maltada keçirilən
Beynəlxalq Kulinariya Çempionatında
isə müxtəlif ölkələrdən 200-ə
yaxın iştirakçı iştirak edib. Komandamız Maltada 7 bürünc medal qazanıb.
Bununla da iki yarışmada qazanılan medalların
sayı 25-ə çatıb.
Sonda Tahir Əmiraslanov
komandalarımızın hər iki
beynəlxalq yarışmada iştirakını təmin
etdikləri üçün
Mədəniyyət və Turizm
Nazirliyinə, Türkiyənin Azərbaycandakı
səfirliyinə və Bakıdakı Yunus
Əmrə İnstitutuna öz
minnətdarlığını bildirdi.
Qeyd edək ki, Milli Kulinariya
Mərkəzinin prezidenti hər iki çempionatda
münsiflər heyətində təmsil olunub.
F.Hüseynov
Mədəniyyət.-
2016.- 2 mart.- S. 8.