Paytaxtın mədəniyyət evlərində faciə qurbanları anılıb

 

Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı Xocalı soyqırımının ildönümü ilə bağlı Nəsimi rayonu 1 saylı tam orta məktəbdə "Bitsin Xocalı yası!" adlı tamaşa-kompozisiya nümayiş etdirib.

Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması ilə bağlı dövlətimiz tərəfindən görülən işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından söz açıb.

* * *

Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilən tədbirin iştirakçıları əvvəlcə rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Sonra "Xocalım - qan yaddaşım" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Poeziyadram dərnəyi üzvlərinin ifasında təqdim olunan teatrlaşdırılmış təsirli səhnələr tamaşaçıları o illərə qaytarıb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Hacıbaba Babayev, N saylı hərbi hissənin əsgər və zabit heyəti, qəsəbə sakinləri iştirak ediblər.

* * *

Mərdəkan Mədəniyyət sarayında "Xocalı həsrəti" adlı tədbir keçirilib. Tədbirdə rəssamlıq dərnəyinin üzvlərinin Xocalı faciəsini əks etdirən rəsmləri sərgilənib.

Uşaqların hazırladığı, 1992-ci ildə Xocalıda baş verən qanlı hadisələri əks etdirən kompozisiyada, şəhid olan oğlunun acısını çəkən ananın fəryadı tədbir iştirakçılarının və tamaşaçıların göz yaşlarına səbəb olub.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

* * *

Nizami rayon Mədəniyyət mərkəzində 201 saylı orta məktəbin hazırladığı "Xocalı - xalqımızın faciəsi: unutmayaq, unutdurmayaq" adlı tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, millət vəkili Sədaqət Vəliyeva, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə mədəniyyət mərkəzinin işçiləri və məktəb şagirdlərinin ifasında kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2016.-  2 mart.- S. 7.