Səmərqənddən Qəbələyə dost səfəri

 

Vaxtilə SSRİ-nin tərkibindəki müttəfiq respublikaların, paytaxt və bölgə şəhərlərinin nümayəndə heyətlərinin bir-birinə qonaq getməsi, işgüzar və mədəni münasibətlər qurması dəb idi. İttifaq dağıldıqdan sonra hərə bir tərəfə çəkildi. Amma zaman keçdikdən sonra anladılar ki, həmin münasibətlərini yeni müstəvidə davam etdirmək mümkündür və lazımdır.

 

Redaksiyamızın budəfəki qonaqları Səmərqənddən gəliblər. Səmərqənddəki Azərbaycan Milli Mədəniyyət Mərkəzinin direktoru, ixtisasca hidrometereoloq olan Adilağa Mirzəyev, Səmərqənd vilayət hakimiyyəti katibliyinin müdiri İsrail Jabbarov, Özbəkistanın «Məhəllə» İctimai Xeyriyyə Fondunun Səmərqənd vilayəti üzrə təmsilçisi Şirəli Yuldaşov. Özbək qonaqlarımız bizim Azərbaycan dilində danışdıqlarımızı tərcüməsiz də anladıqlarını desələr də, danışmaq üçün soydaşımızı irəli verdilər.

Azərbaycan diasporunun tanınmış üzvlərindən olan Adilağa müəllim söhbətə Səmərqənddən başladı:

- Statistikaya görə, Səmərqənd vilayətində 4500 nəfər azərbaycanlı yaşayır. Onların arasında mənim kimi təyinatla bu şəhərə işləməyə gəlib, taleyini Özbəkistana bağlayanlar da var, müxtəlif səbəblərdən çox illər əvvəl gələnlər də. Artıq ikinci-üçüncü nəsli Səmərqənddə böyüyən azərbaycanlılar ana dilini bilmirlər, milli mədəniyyətimizdən, ədəbiyyatımızdan uzaq düşüblər. Bizim mərkəzin vəzifəsi həmin gəncləri Azərbaycana yaxınlaşdırmaq, onların öz soykökündən uzaq düşməməsinə çalışmaqdır.

Səmərqənddə yaşayan azərbaycanlıların güzəranı yaxşıdır. Dövlət diasporumuzun fəaliyyəti üçün hər cür şərait yaradıb, mərkəz üçün yer ayrılıb. Bizmilli mərkəz olaraq, şəhərdə keçirilən bütün tədbirlərdə iştirak edirik. Daşkənddəki Azərbaycan səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin rəhbəri Samir Abbasov Azərbaycanın təbliği üçün səylərini əsirgəmir. Mərkəz tərəfindən Səmərqənddəki Puşkin adına kitabxanaya Azərbaycan dilində 300-dən çox kitab hədiyyə olunub. Şəhərdəki Əfrasiyab muzeyində daimi Azərbaycan ekspozisiyası düzəltmişik.

- Bildiyimə görə, Azərbaycana bu gəlişinizin əsas səbəbi Qəbələ ilə tanış olmaq, bölgə ilə münasibətlər qurmaqdır.

- Azərbaycandan Özbəkistana, Səmərqəndə az sayda olsa da, turistlər gəlir. Qəbələnin də turizm şöhrəti yayılmaqdadır. Bölgənin təbii gözəlliyi və inkişafı bizi heyran etdi. İcra hakimiyyətinin başçısı Səbuhi Abdulayevlə görüşdük. Bizi həm qədim abidələrlə tanış etdilər, həm turizm məkanlarına apardılar. Heydər Əliyev adına Konqres Mərkəzində bədii proqrama tamaşa etdik, “Tufandağa qalxdıq, «Jalə» zavodunda olduq.

- Yəqin «Beltmann» piano fabrikinə getdiniz?

Bu suala Səmərqənd vilayət hakimiyyəti katibliyinin müdiri İsrail Jabbarov cavab verir:

- Bəli. Özbəkistan hökuməti ölkədə musiqi məktəblərinin sayının artırılması üçün proqram hazırlayıb. Azərbaycanda belə bir fabrikin olması bizi sevindirdi. Onsuz da tezliklə Səmərqəndə xeyli fortepiano almalı olacağıq. Xeyiri elə Qəbələyə verərik. Üstəlik, burada beynəlxalq aeroport var.

- Belə görürəm ki, təkcə turizm yox, həm iqtisadi sahədə əməkdaşlığın perspektivləri görünür...

- Biz qardaş xalq, dost ölkəyik. İnanırıq ki, özbəklər də Azərbaycana turist kimi gəlmək istəyəcəklər.

«Məhəllə» İctimai Xeyriyyə Fondunun Səmərqənd vilayəti üzrə rəhbəri Şirəli Yuldaşov:

- İki ildən bir Səmərqənddə «Şərq bülbülü» beynəlxalq musiqi festivalı keçirilir. Bu festivalın qalibləri arasında azərbaycanlı ifaçılar da var. Azərbaycan xanəndələri qalib gələndə çox sevinirdik.

- Elə biz də özbək Ulduz Turdıyevanın Bakıda «Muğam dünyası» festivalında qələbəsini, onun özbək muğamı ilə yanaşı, Azərbaycan muğamını da necə ifa etdiyini unutmamışıq.

İsrail Jabbarov:

- Bizim oxşar maraqlarımız çoxdur. Baxın, siz Azərbaycan dilində, biz isə özbəkcə danışırıq, amma tərcüməsiz bir-birimizi başa düşürük. Deməli, ölkələrimiz arasında mədəni, turizm əlaqələrini gücləndirməyə dəyər.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 6.