Xocalı - qan yaddaşımız

 

Xalça Muzeyində soyqırımı qurbanlarının xatirəsi anıldı

 

Fevralın 26-da Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyimuzeyin Şuşa filialının birgə təşkilatçılığı ilə soyqırımının ildönümünə həsr olunmuş “Xocalı - qan yaddaşımız” adlı tədbir keçirildi.

 

Əvvəlcə tədbir iştirakçıları Xalça Muzeyinin uşaq şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 1992-ci il fevralın 26-na keçən gecə erməni və keçmiş sovet ordusu hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımının insanlıq tarixinin ən ağır cinayətlərindən biri olduğunu bildirdi. Qeyd etdi ki, bu insanlıq əleyhinə cinayətə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla Xocalı qırğını xalqımıza qarşı soyqırımı aktı kimi qiymətləndirilib.

Nazir müavini bu müdhiş qətliamla bağlı həqiqətlərin dünyaya yayılması, qan yaddaşımızın gələcək nəsillərə çatdırılması istiqamətində ötən müddətdə bir çox işlərin görüldüyünü, müxtəlif dillərdə kitabların, elektron resursların hazırlandığını, ekran və səhnə əsərlərinin, təsviri sənət nümunələrinin ərsəyə gətirildiyini bildirdi. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulandı. Qeyd olundu ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində onlarla ölkədə tədbirlər, layihələr gerçəkləşib. Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz dəhliz” sənədli filmi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın 60-dan artıq ölkəsində nümayiş olunub.

 

 

 

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Flora Qasımova çıxış edərək düşmənin bu soyqırımını törətməkdə məqsədinin Qarabağın azərbaycanlılar yaşayan strateji əhəmiyyətli yaşayış məntəqəsini yer üzündən silmək olduğunu vurğuladılar. Bildirildi ki, Xocalı Azərbaycanın ən qədim dövrlərdən üzü bəri zəngin tarixini və mədəni irsini yaşadan məkandır.

Çıxışlardan sonra Şuşa rayon Mədəniyyət evinin hazırladığı “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya təqdim edildi. Sonda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin ekspozisiyası, həmçinin işğaldan sonra fəaliyyətini burada davam etdirən muzeyin Şuşa filialının eksponatları ilə tanış oldular.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 5.