Söz” layihəsinin növbəti tədbiri keçirildi

 

Fevralın 27-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Caz Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçirildi.

Bu dəfə layihənin qonağı yazıçı Günel Anarqızı idi. Gecədə mədəniyyət və ədəbiyyat xadimləri, söz-sənət həvəskarları iştirak edirdi.

Əvvəlcə layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək tədbir haqqında məlumat verdi. Bildirdi ki, “Söz” ədəbi layihəsi Azərbaycanın yazıçı və şairlərinin ölkə daxilində və beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıyır. Qeyd edildi ki, bu, layihə çərçivəsində keçirilən altıncı görüşdür.

Ədəbi-bədii gecədə yazıçı Günel Anarqızının əsərlərindən parçalar Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, Nərgiz Cəlilova, Sezen Məmmədli və başqaları tərəfindən səsləndirildi. Tanınmış cazmen, Əməkdar artist Emil Əfrasiyabın ifaları tədbiri müşayiət edirdi.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 5.