“Bölgələrdən
paytaxta” layihəsi davam
edir
2016-cı
ilin ilk təqdimat ünvanı Abşeron rayonu idi
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən
paytaxta” layihəsi Bakı sakinlərini regionlarımızın sosial-iqtisadi
inkişafı, mədəni
irsi, adət-ənənələri,
turizm imkanları ilə tanış
etməkdə davam edir. 2015-ci ildə start verilən layihə çərçivəsində Masallı, Qəbələ,
Quba, Şəki, Gədəbəy, İsmayıllı,
Şəmkir, Xaçmaz
və Zaqatala rayonlarının təqdimatları
keçirilib.
Fevralın 29-da Akademik Milli Dram Teatrında gerçəkləşən
bu ilin ilk təqdimatı isə Abşeron rayonuna həsr olunmuşdu.
Abşeron Rayon İcra Hakimiyyətinin
dəstəyi, Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət
və Turizm Şöbəsinin birgə
təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları
əvvəlcə teatrın
foyesində qurulmuş
sərgi ilə tanış oldular. Burada rayonun tarixini, mədəniyyətini, sosial-iqtisadi
nailiyyətlərini, folklorunu,
turizm imkanlarını
əks etdirən stendlər, eləcə də rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət
ustalarının əl
işləri, yerli mətbəx nümunələri
nümayiş olunurdu.
Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi davam etdi.
Mərasimdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və
turizm sahəsinin inkişafı istiqamətində
görülən ardıcıl
tədbirlər regionların
inkişafına müsbət
təsirini göstərir. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən müvafiq
dövlət proqramlarının
icrası nəticəsində
Abşeron rayonunda da yeni mədəniyyət
ocaqları istifadəyə
verilib, tarixi abidələrin bərpası
istiqamətində mühüm
işlər görülüb.
Nazir Azərbaycan
mədəniyyətinin dünyada
tanıdılması istiqamətində
görülən işlərdən
danışdı, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətlərini
vurğuladı.
2015-ci ildən həyata keçirilən “Bölgələrdən
paytaxta” layihəsinin əhəmiyyətindən danışan
Əbülfəs Qarayev
bildirdi ki, layihə çərçivəsində
bölgələrin adət-ənənələrini,
el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi
inkişafını, turizm
potensialını əks
etdirən sərgilər
nümayiş etdirilir,
bədii kollektivlərin
və incəsənət
ustalarının konsertləri
keçirilir: “Layihə
ölkəmizin zəngin
mədəniyyətinin geniş
təbliğinə, regionlararası
mübadilənin güclənməsinə
əlavə zəmin yaradıb. Bugünkü tədbir layihə
çərçivəsində 10-cu təqdimatdır. Bu tədbirlərin hər birində bölgələrimizin
bir-birindən gözəl
adət-ənənələrini, mədəni özünəməxsusluğunu,
zənginliyini daha aydın müşahidə
edirik”.
Abşeronun qədim tarixə
malik, milli-mədəni
dəyərlərin qorunub
inkişaf etdirildiyi bölgələrimizdən biri
olduğunu deyən nazir rayonun turizm
imkanlarından da söz açdı: “Abşeronun Xəzər dənizi sahilində yerləşməsi, rayon ərazisindəki
palçıq vulkanları
və qədim tarixi abidələr insanları cəlb edir. Əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin
qorunub saxlanılması,
milli mətbəxi də turizmin inkişafına öz müsbət təsirini göstərir”.
Tədbirdə çıxış edən
Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı
İradə Gülməmmədova
bildirdi ki, Azərbaycanın bütün
rayonları kimi, Abşeron da inkişafın yeni mərhələsini yaşayır. Bu gün regionlarda müşahidə olunan sosial-iqtisadi və mədəni inkişaf ölkə başçısının
diqqət və qayğısının nəticəsidir.
Son illər rayonun
inkişafı ilə
bağlı əhəmiyyətli
yeni layihələr icra olunur. İcra başçısı Abşeronun
2014-cü ildə “Sənətkarlıq
paytaxtı” seçildiyini,
bununla bağlı bir sıra tədbirlərin
keçirildiyini qeyd etdi. Vurğuladı ki, belə təqdimatlar hər bir regionun tarixini,
irsini geniş formada nümayiş etdirməyə imkan verir.
Çıxışlardan sonra qarşılıqlı
hədiyyələr təqdim
olundu. Abşeron rayonunun müasir
inkişafını, tarixi-mədəni
zənginliyini əks etdirən video-çarx nümayiş olundu.
Mərasim rayonda fəaliyyət göstərən incəsənət
ustalarının konsert
proqramı ilə davam etdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 2 mart.- S. 3.