Yaradıcı əməyə və səmərəli fəaliyyətə verilən qiymət

 

Martın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsində xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açdı, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirdi. Vurğulandı ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının hər il imzaladığı sərəncamlarla müxtəlif sahələrdə çalışan insanlar fəxri adlara, dövlət təltiflərinə, mükafatlara layiq görülür.

Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif olunanların sayı daha çoxdur. Bu da mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Mədəniyyət və incəsənət ustalarının əldə etdikləri nailiyyətlər, onların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Nazir qeyd etdi ki, hər bir mükafat yaradıcı insanlara böyük dəstək və təkandır. Bu mükafatlar yaradıcı potensialın güclənməsinə bir avansdır. Bunun müqabilində həmin insanlar daha da şövqlə yaşayıb-yaratmalıdır: “Bəzən yaradıcı insanlara yardım edən, dəstək olan insanların əməyi kölgədə qalır. Lakin dövlət başçımız bu insanları da diqqətdən kənar qoymur. Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə cənab Prezidentin imzaladığı sərəncamla nazirliyin bir neçə əməkdaşının əməyi də qiymətləndirildi. Dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində xidməti olan insanların qiymətləndirilməsi bizləri çox sevindirir”.

Sonra ölkə Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar mədəniyyət işçisi”, "Əməkdar artist", “Əməkdar incəsənət xadimi”, “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim olundu.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Xalq artisti Aftandil İsrafilov və digər çıxış edənlər fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Əbülfəs Qarayev təltif olunan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin təbliğində yeni uğurlar arzuladı. Nazir həmçinin bahar fəslinin ilk günüOd çərşənbəsi münasibətilə bütün Azərbaycan xalqına xoş arzular dilədi.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 2.