“İçərişəhər”də sevgi hekayəti

 

Yeni bədii filmin təqdimatı keçirildi

 

Martın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “İçərişəhər” bədii filminin təqdimatı keçirildi.

 

Təqdimat mərasimində öncə filmin yaradıcı heyəti səhnəyə çıxdı. Rejissor İlqar Safat kinolent haqqında məlumat verdi. Bildirdi ki, gənc qızın yaşca ondan böyük olan kişiyə məhəbbətindən bəhs edən film romantik ovqatlı zərif çalarlı ekran əsəridir.

Xalq artisti Elmira Şabanova çoxdandır ki, kinodan səhnədən uzaqda olmasına baxmayaraq, bu filmdə məmnuniyyətlə rol almağa razılıq verdiyini bildirdi. Filmin maraqlı ssenarisi olduğunu qeyd edərək, izləyicilər tərəfindən seviləcəyinə əminliyini ifadə etdi.

Yaradıcı heyətin digər üzvləri çıxış edərək fikirlərini bölüşdülər.

Filmin ssenari müəllifləri İlqar Safat Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Elmira Şabanova, Təhminə Rafaella, Hacımurad Yegizarov, Firdovsi Atakişiyev, Mehriban Zəki, Murad Məmmədov başqaları çəkiliblər.

 

 

 

Qeyd edək ki, psixoloji dram janrında olan filmdə əsas hadisələr Bakının tarixi hissəsi olan İçərişəhərdə cərəyan edir. Orta məktəb şagirdi olan Arzu ilə piano müəlliməsi Nərgiz xanımın Qarabağ müharibəsi veteranı olan oğlu Rafael arasında sevgi münasibətləri yaranır... Bunun nə ilə nəticələndiyini isə filmə baxandan sonra biləcəksiniz...

 

Fariz

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 2.