Suallı sərgi

 

On iki rəssamın sənət axtarışları

 

Martın 2-də Müasir İncəsənət Muzeyində on iki azərbaycanlı rəssamın rəsm əsərlərindən ibarət sərgi açılıb. “12?” adlı sərgidə fırça ustalarının müxtəlif mövzulu sənət əsərləri nümayiş olunub.

 

Rəsmilərin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov çıxış edərək sərgi və rəssamlar barədə məlumat verib. Bildirib ki, sərgidə həm gənc, həm də yaşlı nəsli təmsil edən tanınmış Azərbaycan rəssamları - Altay Sadıqzadə, Eldar Məmmədov, Şamil Buksayev, Əli İbadullayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Elşən Qaraca, Vüqar Quliyev, Elşən Sərxanoğlu, Fəxri Abbasov, Emin Əsgərov və Rəşad Babayevin əsərləri təqdim olunur. Layihənin kuratoru Altay Sadıqzadədir.

Vurğulanıb ki, iki nəslin on iki tanınmış nümayəndəsi öz xalqının zəngin mədəni irsi ilə bağlılığı qorumaqla bərabər, Azərbaycan müasir incəsənətinin inkişafına nail olmağa can atır.

“12?” axtarışda olan və araşdırma aparan rəssamların həm də “baxış” sərgisidir. Sərgidə müəlliflər bu günü əks etdirən əsərləri təqdim edirlər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgi aprelin 3-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 16.