Tatar milli fikrinin tanınmış nümayəndəsi
Sovet İttifaqında
ötən yüzilliyin
30-cu illərində həyata
keçirilən repressiya
əsasən milli düşüncə sahiblərini,
xalqının müstəmləkə
zülmündən xilas
olması yolunda qətiyyət göstərən
ziyalıların səsini
batırmağa yönəlmişdi. Buna baxmayaraq, hər
cür məhrumiyyəti,
hətta ölümü
belə gözə alan vətənsevər
insanlar mübarizəni
davam etdirirdilər.
Görkəmli tatar publisisti, dramaturq, pedaqoq və ictimai xadim Həsən Səbri Ayvazov (1878-1937) da xalqının azadlıq carçısı
idi. Krımın Alupka
qəsəbəsində dünyaya
göz açan Həsən Səbri İstanbul və Qahirənin elm ocaqlarında
ali təhsil
almışdı. O, XX əsrin
əvvəllərində Krıma
dönür. Xalqının maariflənməsi üçün
dövri mətbuatda məqalələr dərc
etdirir. “Üsuli-tədris və təlim-tərbiyə” adlı
metodik kitabını
1906-cı ildə Bakıda
çap etdirir. Dərsliyin sonunda “Məktəbin müəllimlərinə aid nizamnaməsi”,
“Məktəbin şagirdlərə
aid nizamnaməsi” və
beşillik təhsil müddəti üçün
proqram nümunəsi də verilmişdi.
Rusiyanın II Dövlət Dumasına deputat seçilən publisist, islahatçı görüşləri ilə
tanınan Rəşid
Mehdiyev 1906-cı ildə
ana dilində qəzetin nəşrinə
icazə alır. Həsən Səbri
qəzetin redaktoru təyin olunur. O, qəzetdə işləyə-işləyə
ədəbi yaradıcılığını
davam etdirir, “Nədən bu hala qaldıq?” pyesini qələmə alır. Əsər Bakıda “Füyuzat”
jurnalında işıq
üzü görür,
1907-ci ildə isə Bakıda kitab şəklində çap
olunur və tamaşası hazırlanır.
AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun dissertantı
Ənvər Çingizoğlu
araşdırmasında yazır
ki, Həsən Səbri özünü həmişə İsmayıl
bəy Qaspralının
tələbəsi hesab
edib, onun köməkçisi və
məsləkdaşı olub. Qaspralı “Tərcüman”
qəzetinin redaktorluğunu
da məhz ona tapşırıb.
Axır nəfəsində İsmayıl
bəyin yanında olan və onun
son sözlərini türk
dünyasına da Həsən Səbri çatdırıb.
Çarizmin süqutu ilə nəticələnən 1917-ci ilin
fevral inqilabı Krımda da əks-səda yaradır. Krım azadlıqsevərləri
öz cümhuriyyətlərini
elan edirlər. Noman Çələbi Cihanın
rəhbərliyi altında
Krım milli hökuməti qurulur.
17 noyabrda parlament
seçkiləri keçirilir.
Sıralarında qadınların da
olduğu 76 deputat qurultay üçün Baxçasarayda toplaşır.
Qurultayda
Krım Xalq Respublikasının Anayasasını
hazırlamaq üçün
komissiya yaradılır.
Komissiyaya N.Ç.Cihan, Cəfər
Seyamət, Cəfər
Ablay və H.S.Ayvazov üzv seçilirlər. Onların hazırladığı
Anayasa geniş müzakirədən sonra dekabrın 13-də qəbul
olunur. Ölkədə parlamentli respublikanın
yaradıldığı elan
edilir və Həsən Səbri parlamentə sədr seçilir.
Ukrayna Radası
yeni respublikanı tanısa da, bolşevik Rusiyası bu müstəqilliklə barışa bilmir. Vətənini çətin durumdan qurtarmaq üçün Həsən Səbri Krım dövlətinin təmsilçisi kimi İstanbula gedir. Krımın müstəqilliyi
ideyasına Osmanlı
dövlətinin mənəvi-siyasi
dəstək verməsinə
nail olur. Lakin 40 minlik rus qoşunu
üç minlik Krım ordusunu məğlub edir və gənc respublika 1918-ci il
yanvarın 26-da süquta
uğrayır.
H.S.Ayvazov 1917-ci ilin iyulun 27-də İstanbulda “Millət” qəzetini nəşr etdirir. Qəzet 1918-ci il fevralın 1-dən
Bakıda çap olunur. 187 sayı
işıq üzü
görən qəzet
1919-cu ildə bağlanır.
Həsən Səbri türk
xalqlarının latın əlifbasına
keçməsi yolunda
böyük səy göstərir. “Latın
əlifbasına dair”,
“Oktyabr inqilabı və tatar münəvvərləri”
(1927), “Qiraət kitabı”,
“Məyus şairlərimiz”
(1928) və başqa əsərlərini çap
etdirir. “Yeni dünya”, “Okul işleri” jurnallarında dilçiliyin
müxtəlif sahələrindən
bəhs edən məqalələri dərc
olunur. Latın əlifbası ilə
dərc olunan “Gözaydın” jurnalına
redaktor təyin edilir. Tərcüməçiliklə də məşğul
olan Həsən Səbri Azərbaycanın
tanınmış maarifçisi,
naşir Haşım bəy Vəzirovla birlikdə U.Şekspirin “Otello” faciəsini və bir neçə
Avropa yazıçısının
əsərlərini ana
dilinə tərcümə
edir. Azərbaycan teatrlarında tamaşaya
qoyulan əsərlər
haqqında rusdilli mətbuata məqalələr
yazır.
H.S.Ayvazov keçmişdəki milli
fəaliyyətlərinə görə 1932-ci ildə çalışdığı Pedaqoji İnstitutdan xaric olunur. 1937-ci il aprelin 4-də həbs edilir və bir il
sonra güllələnir.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 15.