“Yeni
biliklər öyrəndik, fərqli mədəniyyətlərlə
tanış olduq”
ATMU-nun bir qrup tələbəsi xaricdə təhsilini uğurla başa vurub
Bu il 10 yaşını qeyd edən Azərbaycan Turizm
və Menecment Universitetində (ATMU) təhsilin
təcrübə ilə əlaqələndirilməsinə, tələbələrin
yerli turizm müəssisələri
ilə yanaşı, xarici ölkələrdə
də təcrübə keçməsinə xüsusi
önəm verilir. Həmçinin onların bir sıra ölkələrdə təhsillərini
davam etdirmələri üçün
şərait yaradılır. Bu əməkdaşlıq
tələbələrin hazırlıqlı kadr
kimi yetişməsində mühüm
rol oynayır.
Xəbər verdiyimiz kimi, ATMU-nun bir qrup tələbəsi 2015/2016-cı tədris ilində xarici ölkə universitetlərində təhsil almaq imkanı qazanıb. “Mövlanə mübadilə proqramı” çərçivəsində 5 tələbə Türkiyənin Ege, Akdeniz, Qazi və Kastamonu universitetlərində turizm, biznes idarəçiliyi və qida mühəndisliyi ixtisasları üzrə bir semestr təhsil alıblar. 2 nəfər Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində, 2 nəfər isə Almaniyanın Yade Universitetində təhsillərini nəzərdə tutulduğu müddətdə uğurla başa çatdırıblar.
Onların bir neçəsi ilə görüşüb təhsil prosesi və əldə etdikləri yeni nəzəri biliklər barədə təəssüratlarını öyrəndik.
Yeni biliklər, müasir təcrübə
Fərid Dibirov ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin turizm və hotelçilik qrupunun 3-cü kursunda təhsil alır. Bu kursun birinci semestrini Almaniyanın Yade Universitetində oxuyub. Fərid deyir ki, dərslər başlamazdan öncə alman dili üzrə biraylıq kurs keçiblər: “Alman dili üzrə biliklərimizin təkmilləşdirilməsində kursun böyük köməyi oldu. Kurs müddətində həftəsonu tələbələri Almaniyanın müxtəlif şəhərlərinə göndərirdilər. Bu həm dil biliklərimizin dərinləşməsinə, həm də Almaniyanı tanımağımıza imkan verdi”.
Qış semestri başlayana qədər bir sıra treninqlərin də keçirildiyini deyən müsahibim tədrisin yüksək səviyyədə olduğunu bildirir: “Bizdəki kimi Yade Universitetində də tələbələr Bolonya sistemi üzrə təhsil alırlar. Amma bizim universitetlə Yade Universiteti arasında fərqlər də var. Əsas fərq ondan ibarətdir ki, tələbə ixtisası üzrə tədris fənnini özü seçir. Başqa bir fərq isə orada dərs arasında bir neçə saatlıq fasilədir. Bu vaxtı kitabxanalardan istifadə etməklə dəyərləndirmək olar”.
Fərid Almaniyada keçən tədris müddətini həyatının yaddaqalan dövrü edir: “Bu həm də müstəqil həyata öyrənmək üçün bir imkan idi. Həqiqətən, mənim üçün həyatımın bu dövrü çox maraqlı keçdi. Ölkədən, ailədən uzaq bir yerdə yeni biliklər öyrəndim, yeni insanlar və fərqli mədəniyyətlərlə tanış oldum”.
Turizm və hotelçilik qrupunun 3-cü kursunda təhsil alan Cəmilə Qasımova da bir semestri Yade Universitetində oxuyub. O da müxtəlif ölkələrdən gələn tələbələrlə birlikdə keçən tədris müddətində həm nəzəri, həm də təcrübi biliklər qazandığını deyir: “Bu tədris müddətində çoxlu biliklərə sahib oldum. Bununla yanaşı, müxtəlif mədəniyyətlərin, dinlərin, adət-ənənələrin daşıyıcıları olan insanlarla tanışlıq dünyagörüşümün zənginləşməsinə öz təsirini göstərdi”. Həmsöhbətim deyir ki, Yade Universitetində semestr ərzində seminarların olmamağı tələbələrin işini bir az çətinləşdirir. Buna baxmayaraq, tələbələr imtahanların öhdəsindən layiqincə gələ bilirlər.
“Krems ən ideal tələbə şəhəridir”
Şahin Paşazadə və Əfruz Məmmədova da ATMU-da turizm və hotelçilik qrupunun 3-cü kursunda təhsil alırlar. Tədris ilinin qış semestrini Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində oxuyublar.
Şahin deyir ki, Yade Universitetindən fərqli olaraq burada tələbələrə istədikləri fənni seçmək imkanı verilmir: “Biz bir semestr ərzində 12 fənn üzrə təhsilimizi davam etdirdik və xeyli bilik və təcrübə qazandım. Krems ən ideal tələbə şəhəridir. Çünki bu şəhərin əhalisi yaşlı avstriyalılar və dünyanın 90-a yaxın ölkəsindən gələn tələblərdən ibarətdir. Onu da qeyd edim ki, ATMU tədris prosesində heç də Kremsdən geri qalmır. Həm yerli, həm də xaricdən cəlb olunmuş müəllimlərimiz burada da bizə yüksək səviyyədə təhsil almağımıza yardımçı olurlar”.
Həmsöhbətim Avstriyada keçən müddət ərzində Avropanın 10-dan çox ölkəsini gəzdiyini də deyir. Bildirir ki, ölkəmizin Avstriyadakı səfirliyi ilə sıx əlaqələr quraraq, Vətənimizi tanıtmaq məqsədilə bir sıra tədbirlərdə iştirak ediblər.
Əfruz Məmmədova da Avstriyada keçən tədris müddətini təhsil aldığı ixtisasın sirlərinə yiyələnmək üçün əhəmiyyətli hesab edir: “Krems mənə həm turizm, həm digər elmlər sahəsində bir çox yeni biliklər qazandırdı. Dərslərimiz və tapşırıqlarımız çox olurdu, amma buna baxmayaraq dərslər çox interaktiv və maraqlı keçdiyinə görə həvəslə gedirdik. Gələcəkdə bizim üçün lazımlı olacaq “Demo hotel”, “Marketing research” kimi müxtəlif proyektlər üzərində işləyirdik. “Transportation management” fənnindən son dərsimizi Vyanada, Avstriya Hava Yollarının ofisində keçdik, marketinq menecerləri ilə görüşüb söhbət etmək şansı əldə etdik. Kremsdə həm də bir neçə tədbirdə iştirak edib ölkəmizi layiqincə təmsil etməyə çalışdıq. Müxtəlif ölkələrdən bir çox yeni dost qazandım, ingilis, alman və fransız dilləri üzrə biliklərimi artırdım”.
Müsahiblərim gələcəkdə təhsillərini xarici ölkələrdə davam etdirmək istədiklərini də diqqətə çatdırdılar. Biz də onlara bu yolda uğurlar diləyirik.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 9.