Şamaxı rayonuna infotur
"Şamaxı astro-turizm" marşrutu üzrə turda 30-dək turizm şirkəti iştirak edir
Martın
3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Şamaxı rayonuna
"Şamaxı astro-turizm" marşrutu üzrə infotur
başlandı. Daxili turizm
üzrə ixtisaslaşmış 30-dək turizm
şirkətinin iştirak etdiyi
infotur Şamaxı rayonunun
turizm infrastrukturu və
turizm marşrutlarının
tanıdılması məqsədi daşıyır.
İştirakçılar ilk olaraq "Diri Baba" türbəsini ziyarət etdilər. Məlumat verildi ki, ölkə əhəmiyyətli tarixi abidə olan "Diri Baba" türbəsi 1402-ci ildə inşa olunub.
Sonra tur iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində oldular. Muzey 1945-ci ildə yaradılıb, hazırda burada 9 mindən çox eksponat var.
Növbəti ziyarət məkanı Şamaxı Cümə məscidi oldu. Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. 1859 və 1902-ci illərdə baş vermiş zəlzələ nəticəsində məscid ziddi dağıntılara məruz qalıb, 1918-ci ilin mart soyqırımı zamanı isə erməni quldurları tərəfindən yandırılıb. 2010-2013-cü illərdə Prezident İlham Əliyevin sərəncamı ilə yenidən tikilərək istifadəyə verilib.
İnfotur iştirakçıları daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə tanış oldular. Rəsədxananın baş mütəxəssisi Müşfiq Hüseynov məlumat verdi ki, rəsədxana Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Astrofizika" sektoru bazasında 1960-cı ildə yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük rəsədxanalarından biridir. Burada səma cisimlərinin tədqiqi ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsiri öyrənilir. Rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir və çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanaları ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır.
Tur iştirakçılarına rəsədxananın müvafiq turizm infrastrukturu, astro-turizmin təşkili ilə bağlı təqdimat keçirildi. İştirakçılar astronomiya muzeyi, teleskoplarla kosmik obyektlərdə müşahidələrin aparılması barədə də məlumat aldılar.
İnfotur çərçivəsində “Şimal-qərb bölgəsinin əfsanələri" adlı mədəni turizm marşrutunun təqdimatı da oldu. Mədəniyyət və Turizm Nazirliyinin yeni yaratdığı marşrut Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən rayonlarını əhatə edəcək.
Qeyd edək ki, infotur martın 4-də başa çatacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 4 mart.- S. 8.