Cümhuriyyət tariximizin kino səhifəsi

 

“Əbədi ezamiyyət” sənədli filmi Suraxanı rayonunda ictimaiyyətə təqdim olunub

 

Martın 2-də Suraxanı rayon İcra Hakimiyyətinin akt zalında Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin ictimaiyyətə təqdimatı keçirilib.

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi və YAP rayon təşkilatı ilə birgə keçirilən təqdimatda çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyevadır.

Filmin rejissoru Fariz Əhmədov çəkiliş prosesi barədə danışıb. Bildirib ki, yaradıcı heyət filmin hazırlanması üçün Bakı, Tbilisi, Moskva, Sankt-PeterburqParis şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

Sonra ekran əsəri nümayiş olunub. Nümayişdən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq qeyd edib ki, “Əbədi ezamiyyət” Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir.

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Lakin gənc respublikanın dünya birliyi tərəfindən tanınması o qədər də asan başa gəlməyib. Məlum olduğu kimi, 1918-ci ildə I Dünya müharibəsinin yekunları ilə bağlı Paris Sülh Konfransı çağırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədilə 1919-cu ilin yanvarında Paris Sülh Konfransına nümayəndə heyəti göndərib. Təxminən birillik mübarizədən sonra Paris Sülh Konfransı 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və tarixi hadisə yanvarın 14-də Bakıda təntənə ilə qeyd edilib. Lakin üç ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycanda milli hökumət devrilibParis Sülh Konfransında iştirak edən nümayəndə heyəti Vətənə dönə bilməyib. Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib.

Qeyd edilib ki, 70 illik sovet dövründə Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti və onun xidmətləri barədə danışmağın qadağan olunması heç kimə sirr deyil. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin bu səhifəsi də araşdırılmağa başlanılıb.

1993-cü ildə respublikada siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev həmin ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy TopçubaşovunCeyhun Hacıbəylinin məzarlarını ziyarət edib. “Əbədi ezamiyyət” sənədli filmi bu kadrlarla yekunlaşır.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 7.