“Azərbaycana sevgim kiçik
yaşlarımdan başlayıb”
“Qardaşım Mamuka Kikalişvilini Azərbaycan kinosu
kəşf etdi. Hara gedirdisə,
“Yaramaz” filmini də özü ilə aparırdı”
Xəbər verdiyimiz kimi, fevralın 23-də Nizami
Kino Mərkəzində gürcü
rejissor Georgi Kikalişvilinin “Robinzon və doqquz Cümə” macəra filminin premyerası keçirilib. Filmdə gürcü aktyorları ilə yanaşı, Azərbaycanın da tanınmış incəsənət
xadimləri rol alıblar.
Bu ekran əsəri həm də onunla əlamətdardır
ki, filmin rejissoru Azərbaycan kinosevərlərinin “Yaramaz”
(rejissor Vaqif Mustafayev) filmindən Hətəm obrazı ilə tanıdıqları
məşhur gürcü
aktyoru Mamuka Kikalişvilinin qardaşıdır.
Rejissorla
qısa müsahibəmizdə
Bakı haqqında təəssüratlarını öyrəndik. Sənətkar “Yaramaz” filmi ilə bağlı xatirələrini də bölüşdü.
- Bu mənim sizin şəhərə ilk səfərim
deyil. Bakını çox sevirəm.
Burada çoxlu dostlarım var. Bəzən digər ölkələrdən səfərdən
qayıdan zaman təyyarəmiz Bakıya enirsə, o zaman artıq mən evimdəyəm deyə düşünürəm.
- “Robinzon və doqquz Cümə” filminin Bakıda çəkilişləri cəmi
3-4 gün davam edib. Səbəb nə idi?
- Tbilisidə də 3-4 gün çəkiliş
etdik. Sadəcə, filmin süjet
xəttinə görə
əsas hissə Batumi
yaxınlığındakı qəsəbələrin birində
lentə alınmalı
idi. Filmin yalnız şəhər
həyətlərindəki səhnələri Bakı
və Tbilisidə çəkildi.
- Bəs Polad Bülbüloğlunu filmdə
çəkilməyə necə
razı sala bildiniz? Hər halda rəsmi
işlərlə çox
məşğuldur.
- Buna razılıq verdiyinə görə Polad müəllimə sonsuz təşəkkürümü bildirirəm. Mən eyni zamanda filmin musiqisində bizə yardımçı
olan Fərhad Bədəlbəyliyə də
minnətdaram. Filmin final səhnəsində
səslənən musiqi
xalqlarımız arasında
dostluğu ifadə edir.
- Azərbaycandan filmə dəvət alanlar ssenari ilə əvvəldən tanış olmuşdular?
- Əlbəttə. Müğənni
Manana Caparidzeni çoxdan tanıyırdım. Amma Bəhram Bağırzadə
ilə bu filmdə tanış
oldum. Sizin insanların sadə
və səmimiyyətləri
bu dostluğa bir körpüdür.
Gördüyünüz kimi, filmdəki
aktyorların əksəriyyəti
müğənnilərdir və
onların bir araya gəlməsi, həqiqətən də,
xoş oldu. Baxmayaraq ki, hər birinin
məşqi, konsertləri
var idi. Bu insanlar çəkilişlər
zamanı həm də öz mədəniyyətlərini, mətbəxlərini
bölüşürdülər.
- Ölkələrimiz arasında
kino əlaqələrini
necə qiymətləndirirsiniz?
- Mədəniyyət və
turizm naziri cənab Əbülfəs
Qarayev və nazir müavini Sevda Məmmədəliyeva
ilə görüşümüz
zamanı Azərbaycan
mədəniyyətinin, kinosunun
inkişafı ilə
bağlı maraqlı
söhbətlərimiz oldu.
Onu da qeyd edim
ki, bizim Azərbaycanla artıq növbəti, ciddi bir kino layihəmiz
reallaşacaq. Layihədə tanınmış kinoaktyorlar
rol alacaq. Film Azərbaycan, Belarus, Böyük
Britaniya, Gürcüstan
və Qazaxıstan kino mütəxəssislərinin
birgə işi olacaq. Amma film Azərbaycan, Böyük Britaniya və Gürcüstan kinematoqrafçılarının
məhsulu kimi təqdim ediləcək.
- Sizin qardaşınız, mərhum Mamuka Kikalişvili kinorejissor Vaqif Mustafayevin “Yaramaz” filmində çəkildi və şöhrət qazandı...
- Gözəl xatirələrdir.
O illərdə balaca idim və qardaşım
çox zaman məni özü ilə aparardı. “Yaramaz” filminin
çəkilişlərinin şahidi olmuşam. Həmin illər kino lenti kimi gözümün
qarşısındadır. Bəlkə də Azərbaycana sevgim məhz həmin dövrdən başlayıb. Etiraf edim
ki, Mamukanı Azərbaycan kinosu kəşf etdi. Onun aktyor kimi tanınması,
yaradıcılığının zirvəyə çatmasında
Azərbaycan kinosu mühüm rol oynayıb. Həmin filmə qədər
bir sıra ekran əsərlərində
çəkilsə də,
yenə də əsasən teatr aktyoru kimi tanınırdı.
Onun kinoda ən sevilən və yaddaşlara yazılan rolu məhz Hətəm oldu. Mamuka Hətəm obrazını
necə sevirdisə, hara gedirdi, bu
filmi də özü ilə aparırdı. Bu filmdəki
oyununa görə o,
1988-ci ildə Bolqarıstanın
Qabrovo şəhərində
keçirilən festivalda
“Ən yaxşı komediya aktyoru” nominasiyasında qalib oldu, Azərbaycanda Dövlət mükafatına
layiq görüldü.
- Müsahibəyə görə sağ olun.
Lalə Azəri
Mədəniyyət.- 2016.-4 mart.-
S. 7.