Ədəbiyyatşünaslıqda Yaşar Qarayev fenomeni

Mütəfəkkir alimin 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) görkəmli ədəbiyyatşünas-tənqidçi, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin (1936-2002) 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Fərəh Əliyeva açaraq Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Qarayevi universal alim, unikal şəxsiyyət kimi xarakterizə edib. Bildirib ki, Yaşar Qarayev görkəmli ədəbiyyatşünas və tənqidçi olmaqla bərabər, həm də mədəniyyət nəzəriyyəsi, teatrşünas və sənətşünas idi. Alim milli ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin inkişafında müstəsna rol oynayıb.

Konfransda Yaşar Qarayevin ədəbiyyatşünaslıq məktəbinin davamçıları, vaxtilə onun tələbələri olmuş professorlar Şirindil Alışanlı, Rəhim Əliyev, Məryəm Əlizadə, Nizaməddin Şəmsizadə məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, ötən əsrin 70-ci illərinin sonunda ədəbi tənqidə, ədəbiyyatşünaslığa gəlmiş gənclər Yaşar Qarayevi özlərinə örnək hesab edirdilər. Alim ilk dəfə ədəbiyyata - bədii forma və janrların vəhdətinə sadəcə estetik hadisə kimi yox, xalqın taleyi kimi nəzər salıb. Tədqiqata cəlb etdiyi hər hansı məsələnin əsaslandığı bünövrəni, sxemsistemini görmək cəhdi onun elmi uğurlarının başlıca məziyyətini təşkil edirdi. O, Azərbaycan ədəbiyyatında təsvir tənqidindən təhlil tənqidinə - analitik tənqidə keçidin əsasını qoyub. Tənqidi mühakimədə intellektuallıq və emosionallığın vəhdətinə nail olub.

Bildirilib ki, Yaşar Qarayev şəxsiyyətində mistikapraqmatika asanlıqla qovuşub yaşayır, qeyri-adi ehtimallar, novator fərziyyələr, adiliyin dərinliyinə enmə yolları ortaya çıxırdı. Mütəfəkkir alim yeri insanların vətəni, səmanı ruhun məskəni hesab edirdi.

Konfransda ADMİU-nun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti, həmçinin Yaşar Qarayevin vaxtilə rəhbərlik etdiyi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 6.