Qadın, zəriflik,
musiqi”
Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə görüş
Martın 2-də
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində “Qadın, zəriflik, musiqi”
mövzusunda tədbir keçirildi.
Tədbirin qonağı tanınmış bəstəkar, Prezident təqaüdçüsü, Əməkdar
incəsənət xadimi Ruhəngiz
Qasımova idi.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan görüşü muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə verdiyi töhfələrdən danışdı.
Bildirdi ki, 1940-cı ildə dünyaya gələn Ruhəngiz Qasımova, özünün təbiri ilə desək, Şövkət Ələkbərova, Sara Qədimova, Bülbül, Rəşid Behbudov kimi sənətkarların ifa etdiyi mahnılarla böyüyüb. Musiqiçi olmaq arzusu ilə 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Bəstəkar Müthəd Əhmədovdan dərs alıb.
Bəstəkar çoxsaylı mahnılar, teatr və televiziya tamaşalarına və filmlərə musiqilər yazıb. “Qonşu qonşu olsa”, “Yollar görüşəndə” televiziya tamaşalarının həm ssenari, həm də musiqi müəllifidir.
Ruhəngiz xanım ona ünvanlanan sualları cavablandıraraq bidirdi ki, yaradıcılığında teatr-kino musiqisi xüsusi yer tutur. İlk böyük kino musiqisi “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Alman klinikasına şəxsi səfər” filmi olub.
Ondan sonra Nadejda İsmayılovanın ssenarisi üzrə çəkilən “Asif, Vasif, Ağasif” filminə musiqi yazıb və uğur qazanıb. Bəstəkarın filmoqrafiyasına 50-dək bədii, sənədli və televiziya filmi daxildir.
Xalq artisti, rejissor Ramiz Həsənoğlu çıxış edərək bəstəkarın televiziya tamaşalarından söz açdı. Qeyd etdi ki, onun “Yollar görüşəndə” və “Qonşu qonşu olsa” televiziya tamaşalarını xüsusi qeyd etmək lazımdır. Gözəl səsə malik olan Ruhəngiz xanım bu tamaşalarda bəzi mahnıları özü ifa edib. Elə “Qonşu qonşu olsa” tamaşasında Cavan Zeynallı ilə ifa etdiyi duet indi də tez-tez efir dalğalarında səslənir. O, xeyli pyeslər yazıb. Ancaq ona dramaturq deməkdən xoşlanmır. Olduqca təvazökar insan olduğundan özünü dramaturq saymır, sadəcə, “lirik musiqili komediya janrında yazan şəxs adlandırın məni”, deyir.
Tədbirdə bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou, müəllifi olduğu teletamaşalardan video-fraqmentlər nümayiş olundu. Ruhəngiz xanım həyatının unudulmaz anları haqqında söhbət açdı, qarşılaşdığı maraqlı hadisələri bir daha yada saldı. Sonda Ruhəngiz Qasımova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq etdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 6.