Nazim Məmmədbəyovun yubiley sərgisi
Martın 2-də
Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə
Səmədova adına sərgi salonunda qocaman rəssam Nazim Məmmədbəyovun
80 illiyi münasibətilə yubiley sərgisinin açılışı oldu. Tədbirdə rəssamın həmkarları,
sənətsevərlər iştirak edirdi.
ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov yubilyarın yaradıcılığından söz açdı, bu sərginin onun ikinci sərgisi olduğunu bildirdi.
Əməkdar rəssam Rafiq Kərimov ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilovun yubilyara ünvanladığı təbrik məktubunu oxudu, diplom təqdim etdi.
Xalq rəssamı Səlhab Məmmədov qocaman rəssamın təhsil sahəsində uğurlu fəaliyyətindən, bəstəkarlıq və ədəbi yaradıcılığından bəhs etdi.
Professor Fikrət Babayev, şair-tərcüməçi Giya Paçxataşvili və başqaları Nazim Məmmədbəyovun insani keyfiyyətlərini, yaradıcılığını yüksək dəyərləndirdilər.
Yubilyar çıxışında gələnlərə sayğısını ifadə edərək dedi: “Uşaq vaxtı Xalq rəssamı Elbəy Rzaquliyevin yanına tez-tez gedirdim. Rəssam olmağımda onun xidmətləri çox olub. Tələbəlik illərində tanınmış rəssam Əbdülxalq Rzaquliyevin emalatxanasında çalışmışam. Yurdumuzun hansı guşəsində olmuşamsa, oradan mənzərələr çəkmişəm”.
Bildirək ki, N.Məmmədbəyov 1936-cı ildə Bakı şəhərində doğulub. O, rəssamlıq, bəstəkarlıq və ədəbi yaradıcılıqla məşğul olur. Uzun illər Təhsil Nazirliyinin Estetik Tərbiyə Mərkəzinin direktoru vəzifəsində çalışıb. Uşaqlar üçün nağıllar, hekayələr yazıb. 30-a qədər komediya, 15 poema qələmə alıb. Müxtəlif musiqi janrlarında 200 əsər yaradıb.
Sərgidə rəssamın 65 əsəri nümayiş olunur. Əsasən qrafikadan ibarət sərginin başlıca mövzusunu kosmosla bağlı əsərlər təşkil edir.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 4 mart.- S. 6.