Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin edilib

 

Muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır”

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.

 

Martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edildi. Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkəmizin mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliğində muzeylərin rolu, bu mədəniyyət ocaqlarının fəaliyyətinin qabaqcıl dünya standartları səviyyəsində qurulması üçün görülən işlərdən danışdı. Bildirdi ki, ölkəmizin ən böyük muzeylərindən olan Xalça Muzeyi Azərbaycan xalqının qədim toxuculuq sənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tuturdaim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Azərbaycanın xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulayan nazir qeyd etdi ki, bu sənətin tarixi yüz illərin öncəsinə gedib çıxır. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınıb: “Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayiş edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirildi. 26 avqust 2014-cü ildə isə dövlət başçısının iştirakı ilə muzeyin möhtəşəm binasının açılışı keçirildi. Bu binanın ərsəyə gəlməsində, həmçinin Azərbaycan xalçalarının dünyada tanıdılması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi var”.

Əbülfəs Qarayev qeyd etdi ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti də dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır: “Bu gün Azərbaycan Xalça Muzeyinin Fransanın Luvr, Britaniyanın ViktoriyaAlbert Muzeyləri ilə əməkdaşlıq əlaqəsi var. Bu o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.

Nazir muzeyin yeni direktoru Şirin Məlikovanı kollektivə təqdim etdi, ona gələcək işlərində uğurlar arzuladı.

Qeyd edək ki, Şirin Yaşar qızı Məlikova Bakıda olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Mədəniyyət və İncəsənət Universitetində, Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş kitab və məqalələrin müəllifidir.

Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 5.