Tbilisidə Xalq rəssamı Fərhad Xəlilovun sərgisi

 

Martın 1-də Tbilisidə Gürcüstan Milli Muzeyinin D.Şevardnadze adına qalereyasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb. Sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur.

Muzeyin direktoru David Lordkipanidze sərgini açaraq Azərbaycanın mədəniyyət və turizm, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirlərinin təbrik məktublarını oxuyub, rəssama yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, Gürcüstandakı Rusiya Sərgi Mərkəzinin rəhbəri Leonid Bajenov və başqaları çıxış ediblər. Bildirilib ki, Xalq rəssamının sərgiləri dünyanın bir çox ölkələrində uğurla nümayiş olunub. Onun yaradıcılığı Fransa, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İtaliya, Suriya, Britaniya və Bolqarıstanda böyük maraqla qarşılanıb.

Fərhad Xəlilov jurnalistlərə açıqlamasında əsərlərini gürcü sənətsevərlərə təqdim etməkdən məmnunluğunu bildirib: “Çəkdiyim rəsmləri tamaşaçılara təqdim etmək mənə həmişə xoşdur. Tbilisidə olmaq isə mənim üçün ikiqat sevincdir. Gürcü dostlarımın, sənətsevərlərinin fikirləri mənim üçün çox əhəmiyyətlidir”.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları, Tbilisi ictimaiyyətinin nümayəndələri, sənət adamları iştirak ediblər.

 

Mədəniyyət.-  2016.- 4 mart.- S. 5.