Zamanla üz-üzə: axtarışlar
hara aparır?
Martın 2-də “Zamanla üz-üzə”
IV müasir musiqi layihəsinin 2016-cı il konsert mövsümünə start verildi.
Məlumat üçün deyək ki, «Zamanla üz-üzə»
layihəsi ilk dəfə
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2008-ci ilin konsert mövsümündə
keçirilib. O zaman XX əsrin bir çox klassiklərinin əsərləri ilk dəfə
məhz bu layihə çərçivəsində
Bakının konsert salonlarında səsləndirildi.
Layihə uğurla qarşılandığından sonralar 2010/11 və
2013/14-cü il konsert mövsümlərində
də davam etdirildi. «Zamanla
üz-üzə” IV müasir
musiqi layihəsi son illər formalaşmış
bu ənənələrin
davamı kimi nəzərdə tutulub.
Layihənin bədii rəhbəri bəstəkar,
Əməkdar incəsənət
xadimi, professor Fərəc
Qarayev, baş dirijoru isə Xalq artisti, professor Rauf Abdullayevdir.
Layihə kamera-instrumental və simfonik konsertdən ibarətdir.
“Seçmə qüsurlar”
adlı instrumental tamaşa
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında göstərildi. Bəli, məhz
göstərildi. Çünki bu sıradan olan konsertləri dinləmək yox, həm də görmək, daha doğrusu, tam anlamaqdan ötrü ona tamaşa etmək lazımdır.
«Seçmə qüsurlar» adı verilmiş instrumental teatr tamaşa-konsertində Elmir Mirzəyevin fleyta və 4 zərb aləti ifaçısı üçün “Evdikanın qisasının identifikasiyası” multimedial performansı, Rusiya təmsilçisi, bəstəkar Viktor Yekimovskinin solo bas klarnet üçün «Vida. Əbədi qayıdış» və «Balletto» tamaşası seçilmişdi. Həmçinin yunan əsilli fransız bəstəkarı Georq Aperghisin solo bas klarnet üçün və zərb alətləri ifaçısı üçün «Sevginin yeddi cinayəti» tamaşası, isveçrəli Daniel Ueissberqin iki gitaraçı üçün «Effoh» tamaşası, ABŞ bəstəkarı Con Cagenin «4'33» və Fərəc Qarayevin fleyta və iki gitaraçı üçün “Kiçik bir (qeyri-) tamaşa”sı («(K)ein kleines Schauspiel») ifa edildi.
Musiqi əsərlərindən ibarət bu qeyri-adi tamaşa Rusiya Teatr Sənəti Universitetinin V kurs tələbəsi Aleksey Smirnovun quruluşunda təqdim edildi.
Olsun ki, bu gün post-avanqrad musiqi cərəyanı, bu cərəyanda yaranan musiqi əsərlərinin ifa və təqdimat tərzi böyük dinləyici auditoriyasında eyni cür qarşılanmır. Amma hər şeyi zamanın axınına buraxmaq gərək. Cəsarətlə «Zamanla üz-üzə» dayandıqda çox axar sular öz məcrasını tapır.
Qeyd edək ki, “Zamanla üz-üzə” IV beynəlxalq musiqi layihəsi çərçivəsində növbəti konsert martın 4-də Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 4.