Mədəniyyət və turizm naziri BMT Radiosuna müsahibə verib

 

Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək Qlobal Forumu dünyada baş verən prosesləri qiymətləndirmək üçün daha bir imkandır”

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Radiosuna müsahibə verib. Nazir müsahibədə BMT-nin Sivilizasiyalar Alyansının bu il 25-27 aprel tarixində Bakıda keçiriləcək VII Qlobal Forumuna hazırlıq barədə danışıb.

 

Qeyd edib ki, Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına beynəlxalq miqyasda müsbət münasibətin göstəricisidir.

Əbülfəs Qarayev deyib: “Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə, bu gün dünyada gedən proseslərin çoxu mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir”.

Nazir bildirib ki, bir sıra beynəlxalq təşkilatların rəhbərləri Forumda iştirak etməyə maraq göstərirlər. BMT-nin baş katibi Ban Ki Moon tədbirdə iştirak etmək arzusunu bildirib. Foruma nüfuzlu nümayəndə heyətlərinin gəlişi də gözlənilir. Azərbaycan Prezidenti tərəfindən bir çox dövlət başçılarına dəvət göndərilib.

Nazirin sözlərinə görə, Qlobal Forum çərçivəsində gənclər üçün beynəlxalq tədbir keçirilməsi də nəzərdə tutulur. Bunun üçün bütün dünyadan həmin tədbirə qoşulmaq arzusunu bildirmiş 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir.

Ə.Qarayev vurğulayıb ki, mətbuat üçün proqram zəngin olacaq: “Söhbət həm Forumun işıqlandırılması, tədbir barədə materialların təqdim edilməsi, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyaların işindən gedir. Yəqin ki, bu da indiki vəziyyətin anlaşılmasına layiqli töhfə və yeni, daha etibarlı və sabit dünya yaratmaq cəhdi olacaq”.

 

Mədəniyyət.- 2016.- 4 mart.- S. 3.