“İpək Yolunun inkişafı və türk
dünyası”
Martın
3-də Ankarada, Türkiyə Milli Kitabxanasında “İpək Yolunun inkişafı və türk
dünyası” adlı beynəlxalq konfrans
başladı. Türk Ocaqları Baş Mərkəzinin təşəbbüsü
ilə düzənlənən tədbirdə TÜRKSOY, UNESCO
üzrə Türkiyə Milli
Komissiyası, Beynəlxalq Türk Akademiyası
(Astana) və digər qurumların nümayəndələri,
eləcə də türk
dünyasının elm adamları iştirak edir.
Tədbir iştirakçıları əvvəlcə məşhur fotoqraf Arif Aşçı və dostlarının “İpək Yolunda son karvan” adlı layihə çərçivəsində çəkdikləri fotoların sərgisi ilə tanış oldular.
Sonra konfrans zalında tarixi İpək Yolunun meydana gəlməsindən bəhs edən “Türkiyə İpək Yolu dəyərləri” adlı sənədli film nümayiş etdirildi.
Açılış nitqi ilə çıxış edən Türk Ocaqları Baş Mərkəzinin rəhbəri Şafaq Başa bildirdi ki, İpək Yolu qloballaşan dünyada yenidən diqqət mərkəzinə çevrilib: “Sovet İttifaqının çökməsindən sonra İpək Yolu ətrafında canlanma başladı. Dünyanın iqtisadi mərkəzi Çin başda olmaqla Asiyanın şərqinə gəldi. Qədim dünyanın ticarət və səyahət marşrutu yenidən dəyər qazanmağa başladı”.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdralı qeyd etdi ki, yenidən canlanmaqda və yüksəlməkdə olan İpək Yolunun bütün türk dünyasına təsiri var və türk xalqları bu coğrafiyada qarşılıqlı əlaqələri gücləndirməlidir.
Çıxışlarda o da bildirildi ki, layihənin ikinci bölümündə pilot bölgə olaraq seçilən “Kayseri-Konya karvan yolu” tanıtım materialları hazırlanacaq.
Konfransda “İpək Yolunda turizm potensialı və bununla bağlı inkişaf”, “İpək Yolunda təhsil və mədəniyyət əlaqələri”, “İpək Yolunda mətbuat, televiziya və kino əlaqələri” və s. mövzularda məruzələr dinlənildi.
Tədbirin ikinci hissəsi seminarlarla davam etdirildi. “İpək Yolunun təməl dəyərləri”, “İpək
Yolunda yaxınlaşmanın
dil-ədəbiyyatı” mövzularında
seminarlarda maraqlı çıxışlar oldu.
Konfrans çərçivəsində
seminarlar martın 5-dək
davam edəcək.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 4 mart.-
S. 3.