“Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimatı

 

Martın 3-də Azərbaycan Dövlət Filarmoniyasında Əli Poladın nəfis şəkildə yeni çapdan çıxmış “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, İrandan gəlmiş qonaqlar iştirak ediblər. Gecənin aparıcısı, millət vəkili, akademik Rafael Hüseynov Təbriz sevgisindən və Əli Poladın doğulduğu yurda, torpağa sonsuz məhəbbətindən söz açıb. Müəllifin bir-birindən dəyərli kitabları haqqında söz açan akademik deyib ki, Ə.Polad hər bir yeni əsəri ilə insanları düşündürür, onları kamilliyə səsləyir. Mirzə Əli Möcüzə, Ömər Xəyyama və digər mövzulara həsr etdiyi kitabların hər biri gərgin zəhmətin bəhrəsidir.

Diqqətə çatdırılıb ki, 862 səhifəlik “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabı 7 fəsildən ibarətdir. Nəşrdə 804 fotoşəkil yer alıb. Müəllifin Təbrizə sonsuz məhəbbətindən yoğurulan bu kitab beş dildə çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və digər natiqlər Əli Poladın mənəvi dünyasından, xeyriyyəçiliyindən, gördüyü işlərdən söz açıblar. Bildirilib ki, böyük mənəviyyat adamı olan Əli Polad müəllifi olduğu bir çox kitabları pulsuz olaraq insanlara paylayıb.

Gecədə İrandan gəlmiş musiqi qruplarının ifasında Təbrizə həsr edilmiş mahnılar səsləndirilib. Bu ifaların sırasında Əli Poladın sifarişi ilə yazılmış bəstələr də yer alıb.

Tədbir çərçivəsində, həmçinin Təbrizə həsr edilmiş sənədli filmindiskin təqdimatı keçirilib. Müəllif sonda “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabını da təmənnasız olaraq oxuculara hədiyyə edib.

 

Mədəniyyət.- 2016.-4 mart.- S. 2.