Dost ölkədə yaşayan sənət xatirəsi

 

Daşkənddə azərbaycanlı rəssam Yusif Hüseynovun barelyefi və fərdi sərgisi açılıb

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş tanınmış azərbaycanlı rəssam, kinoteatr xadimi Yusif Hüseynovun yaşadığı binanın qarşısında onun barelyefinin açılışı olub.

 

Yusif Hüseynov 1980-2006-cı illərdə Daşkənddəki Yunisabad rayonunda 14-cü məhəllədə 1-ci binada yaşayıb. Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltəraşı, professor Marina Borodinovadır. Y.Hüseynovun oğlu rəssam Zaur Mansurov atasının xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rəssam soydaşımızın anadan olmasının 70 illiyi ilə əlaqədar sərgi də təşkil edilib. Mərkəzin direktoru Samir Abbasov sərginin açılışında çıxış edərək Yusif Hüseynovun yaradıcılığı haqqında danışıb, azərbaycanlıların bu ölkənin mədəni həyatında fəal iştirak etdiklərini bildirib. O, Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, Firudin Səfərov, Yusif Hüseynov və başqalarının qardaş Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət sahəsinin inkişafına öz layiqli töhfələrini verdiklərini vurğulayıb.

Qeyd edib ki, Bakıda doğulan, sonradan ömrünü Özbəkistana bağlayan Yusif Hüseynov Azərbaycana bağlı insan olub. O, Xocalı soyqırımından təsirlənərək "Analıq" adlı rəsm əsəri yaradıb.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan mədəniyyətinin son zamanlar Özbəkistanda təbliği, bu ölkədə yaşayıb-yaradan azərbaycanlıların irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. O, Yusif Hüseynovun Daşkənddə yaşadığı binada xatirə lövhəsinin və fərdi sərgisinin açılışının bir daha Azərbaycan dövlətinin öz soydaşlarının yaradıcılığına diqqət və qayğı ilə yanaşdığının göstəricisi olduğunu bildirib.

Yusif Hüseynovun sənət dostları Mirkamil BabaxanovVyaçeslav Axunov onun yaradıcılığı, yaratdığı əsərlər haqqında söhbət açıb, Özbəkistan rəssamlıq sənətindəki yerimövqeyi barədə məlumat veriblər.

Sonra sərgiyə baxış keçirilib və Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi təqdim edib.

Qeyd edək ki, sərgidə Yusif Hüseynovun 18 əsəri nümayiş etdirilir, rəssamın bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunur. Sərgi aprelin 4-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 16.