Güney Azərbaycan ədəbiyyatının
müasir mənzərəsi
Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA Ədəbiyyat İnstitutunun birgə layihəsi olan “Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)” Bakıda “TEAS Press Nəşriyyat evi” tərəfindən nəşr olunub.
Antologiyada son 30 ildə Güney Azərbaycanda yazıb-yaradan yeni ədəbi nəslin 100-ə yaxın istedadlı nümayəndəsinin qısa tərcümeyi-halı və əsərləri toplanıb. Antologiyada xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazıb-yaradan yazarların şeir və hekayələrinə yer verilib.
Topluda Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarlarla bərabər Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri oxuculara ilk dəfə təqdim edilir.
Topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan “fləş fikşn” (“Flash fiction”) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmi əks etdirən şeirlərə də yer verilib.
İranda yazıb-yaradan yazıçı və şairlərin, eyni zamanda dünyanın dörd bir tərəfində yaşayan güneyli gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Güney Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətlərilə birgə, Quzey Azərbaycan şeirinin və bir çox Türkiyə şairlərinin, özəlliklə də Nazim Hikmət şeirinin də üslubu hiss olunur.
Yeni nəsil dil, nəşr və təbliğat
imkanlarının məhdudluğuna baxmayaraq,
Güneydə öz milli
varlığını təsdiq edib
tanıtdırır, dünya ədəbiyyatının
yeni meyllərinə qovuşmaq
üçün ədəbi
axtarışlarını davam etdirir. 364 səhifədən ibarət olan toplu çağdaş Güney Azərbaycan
ədəbiyyatına dair zəngin poeziya və nəsr antologiyasıdır. Toplunun tərtibatçısı və ön sözün müəllifi
filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir.
Mədəniyyət.- 2016.- 8 mart.-
S. 15.